...

Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın Konstitusiya Məhkəməsinin Sürix protokollarının mahiyyətini tam dəyişən qərarına qətiyyən fikir vermir

Siyasət Materials 5 İyun 2013 15:10 (UTC +04:00)
ABŞ Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokollarının mahiyyətini tam dəyişən qərarına qətiyyən fikir vermir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın Konstitusiya Məhkəməsinin Sürix protokollarının mahiyyətini tam dəyişən qərarına qətiyyən fikir vermir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokollarının mahiyyətini tam dəyişən qərarına qətiyyən fikir vermir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, rəsmi Vaşinqton "erməni soyqırımı"ndan sonrakı dövrdə ABŞ-ın ermənilərə etdiyi köməyi aşkarlamağa başladı.

Əhmədoğlunun sözlərinə görə, Barak Obama "erməni soyqırımı" ilə bağlı sonuncu ənənəvi müraciətində ermənilərin ABŞ-a etdiklərinin əvəzinin qaytarılacağını da bildirmişdi. Ermənistanda ABŞ-ın Rokfeller mərkəzinin XX əsrin əvvəllərində çəkdiyi şəkilləri sərgidə nümayiş etdirməsi bu prosesin başlandığını göstərir: "ABŞ ermənilərə sübut etmək istəyir ki, XX əsrin əvvəllərində, "erməni soyqırımı" adlanan dövrdə ABŞ 132 min erməni yetimə həyat verib".

Politoloq qeyd edib ki, bu gün ABŞ-da yaşayan ermənilərin böyük əksəriyyəti məhz ABŞ-ın birbaşa himayəsi ilə həyatda qalaraq geniş imkanlara sahibləniblər: "Bununla da ABŞ ermənilərə sübut etmək istəyir ki, ABŞ-dakı ermənilərin imkanlanıb ABŞ-a fayda verməsinin bünövrəsində vaxtilə onlar yetim olarkən ABŞ-ın onları xilas etməsi dayanır".

Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Ermənistandakı səfiri Con Hefferin Ermənistanın Qərbə inteqrasiyası, Ermənistanda iqtisadi islahatların reallaşması, normal rəqabətlilik mühitinin yaradılması istiqamətində səylərini xeyli gücləndirərək çoxsaylı bəyanatlar verib.

Politoloqun fikrincə, səfirin mövqeyində ən ciddi qüsur onun Türkiyə-Ermənistan münasibətlərində tutduğu mövqe ilə bağlıdır: "Səfir Ermənistanın mürəkkəb cəmiyyət olduğunu başa düşdüyünü etiraf edir. Lakin eyni zamanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmamasının, Sürix protokollarının ratifikasiya olunmamasının səbəbkarı kimi Ermənistanı deyil, Türkiyəni görür".

Əhmədoğlu qeyd edib ki, bu vaxtadək heç bir Qərb siyasətçisi Ermənistanın Sürix protokollarına Konstitusiya Məhkəməsi vasitəsilə dəyişiklik etməsinə irad bildirməyib: "Fakt budur ki, Sürixdə 2009-cu ilin oktyabrında Ermənistan xarici işlər nazirinin imzaladığı protokol Ermənistan Konstitusiya Məhkəməsində tamamilə dəyişdirildi. ABŞ-ın Ermənistanla bağlı siyasətinin ən böyük uğursuzluğu da buradadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti