...

Ukraynada yaşayan azərbaycanlılar parlamentə qondarma "erməni soyqırımı" ilə bağlı etiraz bəyanatı ünvanlayıblar

Siyasət Materials 10 İyun 2013 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin Ali Radasının (parlament) qarşısında toplaşaraq parlamentin spikerinə qondarma "erməni soyqırımı" haqqında qətnamə layihəsi ilə bağlı etiraz bəyanatı ünvanlayıblar.

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev Trend-ә bildirib ki, bəyanat eyni zamanda UAK, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi (SAMU) və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəliyinin imzası ilə Ukrayna Prezidenti Viktor Yanukovuçə göndərilib.

Bəyanatda son günlər Ali Radada uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin qeydiyyata alınaraq müzakirəyə hazırlanmasına qarşı ciddi etiraz bildirilib.

Bəyanatda deyilir ki, belə bir layihənin ölkə parlamentində qeydiyyata alınaraq qəbula hazırlanması Ukraynada yaşayan türkdilli xalqların, xüsusilə azərbaycanlıların ciddi narahatlığına səbəb olub.

Bəyanatda qeyd olunub: "Bildiyiniz kimi, hər il erməni təşkilatları bütün dünyada 1915-ci ildə baş verən hadisələri "erməni soyqırımı" kimi qeyd edirlər. Bununla bağlı tarixçilər daim müzakirələr aparıb, lakin ermənilərin iddia etdikləri nəticə real olmayıb. Ukrayna çoxmillətli dövlətdir və burada 130-dan çox etnik xalq yaşayır, bu cür layihələrin belə bir ölkədə müzakirə olunması dəqiq yanaşmalar tələb edir. Layihənin parlamentdə qəbulu türkdilli xalqların, o cümlədən Azərbaycan və Türkiyə xalqlarının Ukraynaya olan münasibətinə, əlaqələrinə ciddi zərbə vuracaq. Layihə Ukraynada sülhün və təhlükəsizliyin təmin olunmasında ciddi potensial təhlükə yaradacaq".

Bəyanatda Ali Rada rəhbərliyindən və Ukrayna Prezidentindən bu layihənin müzakirəyə çıxarılmasının qarşısının alınması xahiş və tələb olunub.

Tağıyev bildirib ki, məsələ ilə bağlı Ukraynadakı tatar və qaqauz türkləri diasporu ilə danışıqlar aparılıb və onlar da mənsub olduqları xalqların adından parlament rəhbərliyinə, ölkə Prezidentinə rəsmi etiraz bəyanatı hazırlayaraq göndərəcəklərini bildiriblər. Qərara alınıb ki, layihə parlamentdə müzakirəyə çıxarılacağı gün paytaxt Kiyevdə türkdilli xalqlardan ibarət kütləvi etiraz aksiyalarına start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti