...

Elmar Məmmədyarov Bakıda bir sıra görüşlər keçirib

Siyasət Materials 11 İyun 2013 14:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Fələstinə yardım konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Elmar Məmmədyarov Bakıda bir sıra görüşlər keçirib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Fələstinə yardım konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin yüksək inkişafından məmnunluq qeyd edilib və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Yaxın Şərq, Cənubi Qafqaz regionu ətrafında fikir mübadiləsi aparıb.

Məmmədyarov öz həmkarını Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətlə bağlı məlumatlandırıb.

Bu gün Bakıda keçirilən Fələstin dövlətinə yardım və Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Fələstinin xarici işlər naziri Riad Malki arasında da ikitərəfli görüş keçirilib.

Görüş zamanı Yaxın Şərqdəki proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Məmmədyarov Azərbaycanın Fələstin xalqına beynəlxalq təşkilatlar çərçivəsində dəstəyini heç zaman əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin Azərbaycan ilə Fələstin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Sonra Məmmədyarov Qətərin beynəlxalq əməkdaşlıq üzrə nazir müavini Şeyx Əhməd bin Cabir Al Tani ilə də görüşüb. Nazir müavini bugünkü konfransın bütün müsəlman aləmi üçün önəmli bir tədbir olduğunu vurğulayıb.

Məmmədyarov iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirib və bundan sonra da münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Daha sonra Məmmədyarov Bəhreynin xarici işlər üzrə dövlət naziri Xanim bin-Fadl əl-Əbuayneyn ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı xüsusi olaraq vurğulanıb, Yaxın Şərqdə, o cümlədən Cənubi Qafqaz və Körfəz regionunda gedən proseslərlə bağlı müzakirələr aparılıb.

Qonaq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda yaxşı təəssürat yaratdığını vurğulayıb və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Məmmədyarov, həmçinin Misirin xarici işlər naziri Məhəmməd Kamil Amr ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasındakı münasibətlər, inkişaf perspektivləri və b. məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti