...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının illik konfransı keçirilib (FOTO)

Siyasət Materials 15 İyun 2013 14:48 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının illik konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, ARGTMŞ-a üzv olan təşkilatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ARGTMŞ-ının son illərdə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən bəhs edilib, təşkilatın üzvləri müəyyənləşdirilib.

ARGTMŞ sədri Şahin Seyidzadə deyib ki, rəhbərlik etdiyi təşkilat bu gün özünün böyük inkişaf dövrünü yaşayır: "Bu gün təşkilatımıza üzv olan qurumların sayı artmaqdadır. Artıq üvlərimizin sayı 104 təşkil edir. Həmin təşkilatlar olmasa, ARGTMŞ da omazdı".

Daha sonra isə gənclər və idman naziri Azad Rəhimov ARGTMŞ-nin fəaliyyətinin bu gün bütün ölkədə dəstəkləndiyindən və bunun gənclər üçün böyük önəm kəsb etməsindən danışıb: "Bu gün çox əlamətdar bir gündür. Çünki burada gənclər ölkə başçısını dəstəkləyən bəyanat qəbul etdilər. Gənclər Təşlilatları Milli Şurasının ən böyük nailiyyəti odur ki, onun sıralarında 104 təşkilat birləşib. ARGTMŞ-nın və eyni zamanda digər təşkilatların imkanları böyükdür".

Nazir qeyd edib ki, hazırda Azərbaycanda gənclik üçün çox vacib olan layihələr həyata keçirilir: "Halbuki bu layihələrin icrası bir neçə il öncə mümkünsüz idi, lakin indi artıq onların icrası baş tutub. Həqiqətən də Bakı şəhəri dünyanın gənclik paytaxtına çevrilib. Eyni zamanda respublikamızda həm Azərbaycan, həm də dünya gəncliyi üçün vacib olan konfranslar keçirilir. Ölkə başçısı gəncliyə böyük diqqət yetirir. Onun atdığı bütün addımlar gəncliyin gələcəyi naminə atılır. Siz gənclər də bunu qiymətləndirməli və daim onun ətrafında birləşməlisiniz".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bu hesabatda iştirak etdiyindən böyük məmnunluq duyduğunu deyib: "Mən Milli Şuranın keçmiş üzvlərindən biri olaraq bu hesabat konfransında iştirakımdan qürur hissi duyuram. Milli Şura 1995-ci ildə yarandığı zaman təsəvvür edə bilməzdik ki, bu gün, 18 il sonra müdriklik dövrü yaşayaraq hesabat verəcək. Milli Şura bu gün özündə 104 təşkilatı birləşdirir və ölkəmizi dünya arenasında layiqincə təmsil edir".

Daha sonra isə ARGTMŞ-ya üzv olan təşkilatların rəhbərləri çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti