...

Kiyevdə “Heydər Əliyev liderlik dərsi” sənədli filminin təqdimat mərasimi olub (FOTO)

Siyasət Materials 15 İyun 2013 19:54 (UTC +04:00)
Kiyev şəhərində Ukrayna Milli Televiziyası tərəfindən çəkilən “Heydər Əliyev liderlik dərsi” sənədli filminin təqdimat mərasimi olub.
Kiyevdə “Heydər Əliyev liderlik dərsi” sənədli filminin təqdimat mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 15 iyun / Trend /

Kiyev şəhərində Ukrayna Milli Televiziyası tərəfindən çəkilən "Heydər Əliyev liderlik dərsi" sənədli filminin təqdimat mərasimi olub.

Trend-in məlumatına görə, təqdimat mərasimindən öncəfilmin yaradıcı heyəti , Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və SOKAR Ukrayna şirkətinin nümayəndələri Ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə gül çələngi və tər çiçəklər qoymaqla əbədiyaşar liderin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.

Sonra Ukraynanın tanınmış ictimai-siyasi xadimlərinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və diaspora nümayəndələrinin iştirakı ilə Kiyev şəhərindəki Azərbaycan Gənclər Mərkəzində "Heydər Əliyev liderlik dərsi" sənədli filminə baxış keçirilib.

Ukrayna Milli televiziyasının aparıcı jurnalisti Sergey Sivolap və yazıçı-publisist, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilmiş filmdə Ulu öndər Heydər Əliyevin zəngin və dəyərli həyat yolu, onun müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı tarixi rolu, o cümlədən, Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı misilsiz xidmətləri olan Ukraynanın görkəmli ictimai-siyasi xadimlərinin xatirələri ilə çox milyonluq tamaşaçı auditoriyasına təqdim olunub.

Tarixi faktlarla zəngin olan filimdə Ukraynanın 1-ci prezidenti Leonid Kravçuk, 2-ci prezidenti Leonid Kuçma, Ukraynanın baş naziri Nikolay Azarov, baş nazirin müavini Konstantin Qrişşenko, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və dost ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimləri Ulu öndər Heydər Əliyevi bəşər tarixinin nadir şəxsiyyətlər səlnaməsinə əbədi imza atmış dahi şəxsiyyət, XX və XXI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakteriza ediblər.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və baş memarının siyasi ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Müstəqil Azərbaycan dövlətinin inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə, Cənubi Qafqazda lider dövlətə çevrilməsində dahi Heydər Əliyev şəxsiyyətinin böyük rol oynamasından bəhs olunur.

Filmdə Heydər Əliyevin Çernobıl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq Ukrayna xalqına göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik isə o zaman faciə bölgəsindən 8 yüz min qadının və uşağın təhlükəsiz zonaya köçürülməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi Ukrayna xalqının xilaskarlarından biri adlandırıb.

Ulu öndərin şərəfli həyat yoluna güzgü tutan film başa çatdıqdan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi attaşesi Daşdəmir Məmmədov, Ukraynanın tanınmış ictimai siyasi xadimi Anatoli Raxanski, Ukrayna Azərbaycalı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov, Azərbacan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, tanınmış telejurnalist Rəna Nazarova çıxış edərək, yüksək peşəkarlıqla hazırlanan filmin yaradıcı heyətinə uğurlar arzulayıblar.

Sonra filmi yüksək peşəkarlıqla hazırladıqlarına görə ssenari müəllifləri Əlibala Məhərrəmzadəyə, Sergey Sivalapa və filmin redaktoru Möhsüm Qədiroğluna Kiyevski Forum Beynəlxalq İctimai Birliyinin fəxri diplomları təqdim olunub.

Filmin yaradıcı qrupu adından mərasimə qatılanlara dərin minnətdarlığını bildirən yazıçı-publisist Əlibala Məhərrəmzadə və Sergey Sivolap Heydər Əliyev kimi dahi bir şəxsiyyət haqqında çəkilən filmin ssenari müəllifi olmalarından qürur duyduqlarını bildirdilər.

"Heydər Əliyev haqqında nə qədər filmlər çəkilsə, nə qədər kitablar yazılsa, yenə də bu dahi şəxsiyyətin dühasının yanında dəryadan bir damlanı xatırladır" - deyən yazıçı publisist Əlibala Məhərrəmzadə bu mənada Heydər Əliyev təfəkkürünün bəşəri ideyalardan qaynaqlandığını diqqətə çatdırdı.

O, bu gün Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fərəhləndirici hal olduğunu bildirdi.

Sonra "Heydər Əliyev liderlik dərsi" sənədli filmi Ukrayna Milli Televiziyası vasitəsi ilə Ukrayna ictimaiyyətinə təqdim olunub.

Onu da qeyd edək ki, filmin rejissoru Georgi Spasokukotski prodüsseri isə Anar Tahirovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti