...

Polisin Gezi parkındakı aksiyalara müdaxiləsi nəticəsində 46 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 İyun 2013 11:02 (UTC +04:00)
Polisin İstanbulda Taksim Gezi parkındakı aksiyalara müdaxiləsi nəticəsində 44 mülki vətəndaş, 2 polis işçisi yaralanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Polisin Gezi parkındakı aksiyalara müdaxiləsi nəticəsində 46 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 01:10-da yayılıb)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Polisin İstanbulda Taksim Gezi parkındakı aksiyalara müdaxiləsi nəticəsində 44 mülki vətəndaş, 2 polis işçisi yaralanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

İstanbul Valiliyinin açıqlamasına görə, polislərə silahdan atəş açılıb: "Bu gecə Taksim Gezi parkındakı aksiyalara müdaxilə nəticəsində indiyədək 44 nəfər yaralanıb. Həmçinin, açılan atəş nəticəsində təhlükəsizlik orqanlarının 2 əməkdaşı yaralanıb".

Polis müdaxilə boyunca "xahiş olunur, parkı boşaldın. Heç kimin zərər görməsini istəmirik. Bu, qanunsuz aksiyadır" deyə etirazçılara xəbərdarlıq edib. Lakin aksiyaçılar polisin xəbərdarlığına məhəl qoymayıb.

Polisin gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməsindən sonra etirazçılardan bəziləri Tarlabaşı və İstiqlal küçələri istiqamətinə qaçıblar. Parkdakı plakatları sökən polis əməkdaşlarına aksiyaçılar tərəfindən daş və şüşə atılıb.

Yaralanan bəzi aksiyaçılara Taksim meydanı ətrafındakı təcili yardım maşınlarında ilkin tibbi yardım göstərilib, bəziləri də xəstəxanaya yerləşdirilib.

Bu arada əllərində Türkiyə bayraqları tutan bir qrup İstanbulun Cevizlibağ ərazisində avtomobil yolunu bağlayaraq Topqapı sarayına doğru yürüş edib. Aksiyaçılar müxtəlif şüarlar səsləndiriblər.

Taksim Gezi parkındakı hadisələrə etiraz məqsədilə Ankara, İzmir, Dənizli, Manisa və Adanada da aksiyalar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti