...

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyini dəstəkləyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyun 2013 17:51 (UTC +04:00)
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyini dəstəkləyib.
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyini dəstəkləyib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:43-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyini dəstəkləyib.

Trend-in məlumatına görə, Konfederasiyanın bu gün keçirilən IV qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.

Bəyanatda deyilir: "Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və uzaqgörən daxili və xarici siyasət, milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının etibarlı qorunması və təmin olunması, demokratik cəmiyyətin formalaşdırılması, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatlar, sahibkarlığa dövlət dəstəyi tədbirləri, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində bu gün Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı inkişaf edən ölkə, Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanıdır".

Qeyd olunur ki, gərgin rəqabət şəraitində 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizin ilk süni peykinin orbitə buraxılması, "Eurovision-2012" mahnı müsabiqəsinin möhtəşəm təşkili, 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbulu ölkəmizin dünyada nüfuzunun, iqtisadi və elmi qüdrətinin, xalqımızın yüksək mədəni səviyyəsinin və tolerantlığının əyani göstəriciləridir.

Ölkə başçısının gərgin əməyi sayəsində gündən-günə sürətlənən sosial-iqtisadi tərəqqini artıq hər bir vətəndaş öz gündəlik həyatında hiss edir. Dünyanın ən aparıcı ölkələrinin ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməsi fonunda son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən, ölkənin maliyyə ehtiyatları 29 dəfədən çox artmış, enerji təhlükəsizliyi təmin edilmiş, müasir tələblərə cavab verən infrastruktur yaradılmış, bütün şəhər və kəndlərimizin siması dəyişmiş, 1 milyondan çox iş yerləri yaradılmış, ən yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa olunmuş, yoxsulluq səviyyəsi 7,8 dəfə azalaraq 6%-ə endirilmişdir.

Azərbaycanın qazandığı uğurlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bəyanatda bildirilir: "İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar olaraq doğma Azərbaycanımızın qazandığı bu uğurlardan böyük qürur hissi duyuruq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" strateji xəttinə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ölkəmizdə çoxminli sahibkarlar sinfinin formalaşmasına, yüzlərlə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, Azərbaycan məhsullarının xarici bazarlara ixracının artmasına, işsizliyin səviyyəsinin minimuma endirilməsinə səbəb olmuşdur".

Bu gün ölkəmizin siyasi nüfuzuna və iqtisadi qüdrətinə arxalanan iş adamları xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ÜDM-dəki payı 83%-i, məşğulluqda isə 73%-i ötmüşdür.

Bəyanatda qeyd olunur: "Dövlət başçısının müxtəlif tədbirlərdə, ölkəmizin demək olar ki, bütün şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcəkdir.

Biz - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 4-cü qurultayının nümayəndələri - cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar adından ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti yüksək qiymətləndirdiyimizi, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bu siyasətin davam etdirilməsinin alternativsiz olduğunu bildirir və qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik".

Qurultayda, həmçinin qətnamə qəbul olunub.

Konfederasiyanın prezidenti Məmməd Musayev yekun nitqi ilə çıxış edərək iclasa yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti