Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycan 2015-ci ildən sonrakı dövr üçün öz qarşısına iki əsas məqsəd qoyub: birincisi, 2030-cu ilə qədər dünyada uzunmüddətli inkişafa, ikincisi isə Azərbaycanda davamlı inkişafın təmin edilməsinə töhfə verməkdir. Trend-in məlumatına görə, bunu Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.
O, qeyd edib ki, son 3 ay ərzində BMT-nin Azərbaycandakı strukturları hökumətlə, milli tərəfdaşlarla, beynəlxalq inkişaf tərəfdaşları ilə və digər maraqlı dairələrlə birləşərək müxtəlif insanlarla milli məsləhətləşmələri geniş şəkildə aparıb və dünyanın gələcək inkişafı ilə bağlı öz fikirlərini söyləyiblər: "İntensiv məsləhətləşmələr bütün sektorların nümyəndələrini, "beyin mərkəzləri"ni, özəl sektoru, xüsusən də zəif təbəqələri, gəncləri, qadınları, uşaqları, əlilləri, qaçqınları bir araya gətirib".
Onun sözlərinə görə, bu gün keçirilən konfransda siyasətçilər üçün qlobal milli prioritetlər təklif olunacaq və Azərbaycan xalqının 2015-ci ildən sonrakı inkişaf meylləri nəzərdən keçiriləcək.