...

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidənqurmadan sonra istifadəyə verilib (FOTO)

Siyasət Materials 5 İyul 2013 16:57 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidənqurmadan sonra istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə və maketə baxdı.

Məlumat verildi ki, Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən Azərbaycanın regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Tovuz şəhərinə içməli su xətti çəkilmişdir. Zəyəmçay-Tovuz daşıyıcı su kəmərinin tikintisinə 2006-cı ilin aprelində başlanılmış, 2010-cu ilin martında başa çatdırılmışdır. Layihənin tərkibinə 39,1 kilometr uzunluğunda diametri 530 millimetr olan Zəyəmçay-Tovuz daşıyıcı su kəməri, Aşağı Quşçu kəndi ərazisində hər birinin tutumu 500 kubmetr olan, Tovuz şəhərində hər birinin tutumu 2500 kubmetr olan dörd su hovuzu, laboratoriya, xlorlaşdırma binası, istehsalat bazası daxildir.

Qeyd edildi ki, Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsinin icrasına 2010-cu ilin fevralında başlanmış, ötən ilin mayında başa çatdırılmışdır. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrasına isə 2010-cu ilin dekabrında başlanmışdır. İkinci mərhələsinin tikintisi də artıq yekunlaşan layihənin əhatə etdiyi Tovuz şəhərində və ona bitişik ərazilərdə 96,5 kilometr magistral su xətti, evlərə 66,9 kilometr, digər obyektlərə 13,9 kilometr içməli su xətti çəkilmiş, 100,5 kilometrlik şəhərdaxili kanalizasiya şəbəkəsi qurulmuşdur. Layihənin icrası nəticəsində 30 min nəfərdən çox əhali və ya 7 min ev təsərrüfatı içməli su və kanalizasiya xidməti ilə təmin olunacaqdır. Halbuki indiyə qədər Tovuz şəhərində cəmi 2500 ev təsərrüfatı içməli su ilə təmin olunurdu.

Sonra Prezident İlham Əliyev Tovuz şəhərinə içməli suyun rəmzi verilməsini bildirən düyməni basdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti