Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın hüquq müdafiəçisi moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistandan buraxılmamasının beynəlxalq hüququn bütün prinsiplərinə zidd olduğunu hesab edir.
"İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondunun rəhbəri, hüquq müdafiəçisi Şahin Camalov Trend-ə bildirib ki, Ermənistanın belə bir iyrənc addım atmasını heç cür başa düşmək mümkün deyil: "Bu, beynəlxalq hüququn bütün prinsiplərinə, söz azadlığına, insan hüquqlarına, beynəlxalq insan hüquqları konvensiyalarına ziddir. İnsan hüquqlarını müdafiə edən bir şəxsin bu cür məhdudiyyətlərə məruz qalması doğrudan da qəbuledilməz bir məsələdir".
Camalov qeyd edib ki, moldovalı ombudsmanın Ermənistandan çıxmasına icazə verilməməsi, məhdudiyyətlər qoyulması ölkənin necə də demokratiyaya zidd hərəkət etməsinin, insan hüquqlarının necə tapdalanmasının bariz nümunəsidir. "Hesab edirəm ki, dünya ictimaiyyəti bu məsələyə təcili reaksiya verməlidir və Ermənistanın bu qədər azğınlaşmasının səbəbləri araşdırılmalıdır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT-nin qətnamələrində öz əksini tapıb. Mən elə başa düşürəm ki, BMT-nin baş katibi, Avropa Şurası və Avropa İttifaqının məsul şəxsləri də Ermənistana getməməlidir, çünki Ermənistan onlara da qarşı belə bir vəhşi münasibət göstərə bilər".
Camalov beynəlxalq təşkilatlardan bu məsələyə reaksiya verməyi və Moldova ombudsmanının Ermənistanda təzyiqlərə məruz qalmasına son qoyulması üçün Ermənistana təzyiq etməyi tələb edir.
O, əlavə edib ki, Moldova ombudsmanının Ermənistan parlamentində bu cür çıxış etməsi doğrudan da Ermənistanın işğal siyasətinin, azğın davranışının hər kəs tərəfindən görülməsinin bariz nümunəsidir.
Qeyd edək ki, moldovalı ombudsman Aureliya Qriqoriu Ermənistan parlamentində Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini və bu faktın beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bəyan edib. Parlamentdə çıxışından sonra Aureliya Qriqoriu Ermənistandan buraxmırlar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlanılır.