Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Əhmədova/
Beynəlxalq müşahidəçilər Azərbaycanda keçiriləcək prezident seçkilərinə maraq göstərirlər.
Trend-in məlumatına görə, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Krzistof Bobinski ATƏT-n Parlament Assembleyasının yeni seçilmiş sədri Ranko Krivokapiçə təbrik məktubu göndərib.
Bobinski məktubunda bu ilin oktyabr ayında Azərbaycanda və Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinin vacib olduğunu vurğulayıb:
"Mən əminəm ki, sizin bu ilin payızında Şərq Tərəfdaşlığı ölkələrində - Azərbaycan və Gürcüstanda prezident seçkilərinin keçiriləcəyi barədə məlumatınız var. Seçkiləri yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA, Avropa Parlamenti (AP), eləcə də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidəçiləri izləyəcək".
ATƏT PA Azərbaycana və Gürcüstana gedəcək nümayəndələri seçəcək.
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.