...

Əli Həsənov: Yaxın zamanlarda gənclər ipotekalardan rahatlıqla istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıracaqlar

Siyasət Materials 10 İyul 2013 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan gəncliyinin inkişafı ilə bağlı dövlət siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin siyasəti, Azərbaycan gəncliyinə münasibəti dayanır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənc alimlərin Ümumi Yığıncağında bildirib.

PA rəsmisi çıxışında qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdan kimi Azərbaycan gəncliyinin problemini dövlət siyasəti səviyyəsinə qaldırdı: "O vaxta qədər Azərbaycan gəncliyi elə bir dəhşətli vəziyyətə gətirilmişdi ki, gənclik faktiki olaraq dövlətə qarşı istifadə olunurdu. Ayrı-ayrı düşərgələr Azərbaycan gəncliyini silahlandıraraq onun torpaqlarının qorunması, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafı deyil, bu millətin təmsilçiliyinin həyata keçirilməsi deyil, dövlətə qarşı hakimiyyət uğrunda mübarizəyə cəlb etmişdilər".

Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə yaratdığı ilk nazirlik də məhz gəncliklə bağlı oldu: "Azərbaycan gənclərinin həyatını müəyyən edən, onların problemlərini aşkarlayan, onların həlli yollarını axtaran, bu həll yollarını tapmaq üçün dövlətin və cəmiyyətin səylərini yönəldən Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bəlkə də ən böyük hissəsini təşkil edən Azərbaycan gəncliyi, Azərbaycan ordusu, Azərbaycan dövləti və millətinin gələcəyini təmin edən bu kəsim oldu. Ona görə də bu gün Prezident İlham Əliyev üçün rahatdır ki, təməli doğru, düzgün qoyulmuş bu gəncliyi dövlətin həm aparıcı kəsimi olaraq, həm də dövlətin gələcəyini əlinə alıb idarə edən insanlar olaraq yönəltsin, idarə etsin və onların problemlərini həll etsin".

PA rəsmisinin sözlərinə görə, bu ilin əvvəlində Nazirlər Kabinetinin genişləndirilmiş iclasında cənab Prezident İlham Əliyev ipoteka vəsaitlərindən istifadənin yeni konsepsiyasını irəli sürdü: "Bu konsepsiya odur ki, gənc alimlər, gənc nəsil ipoteka kreditlərindən istifadənin ən asan yolları ilə rastlaşmalıdır. İlkin ödəniş ya aradan qaldırılmalı, ya da o ödənişi dövlət uzunmüddətli kredit şəklində verməlidir. İpoteka alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Bankların, ipoteka vəsaitlərinin sayı artırılmalıdır. Bu gün təkcə valyuta ehtiyatlarımız 50 milyard dolların üzərindədir. Təkcə onun 5 milyardı yetərlidir ki, Azərbaycanın bütün gənc nəsli ipotekaya cəlb olunaraq özünün mənzil şəraitini yaxşılaşdırsın. Bu siyasət var, artıq mövcuddur".

Həsənov bildirib ki, cənab Prezidentin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyi tərəfindən, həm də elm haqqında və gənclərin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərə alınır: "Mən sizi əmin edirəm ki, yaxın zamanlarda gənclər o ipotekalardan rahatlıqla istifadə edib öz mənzil şəraitini yaxşılaşdıracaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti