...

Şabran şəhərini içməli su ilə təmin edəcək su xətti və kanalizasiya şəbəkəsi açılıb (FOTO)

Siyasət Materials 19 İyul 2013 20:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak etmişdir.
Şabran şəhərini içməli su ilə təmin edəcək su xətti və kanalizasiya şəbəkəsi açılıb (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı "Qurtuluş" parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev su kəmərinin çəkilişi münasibətilə şabranlıları təbrik etdi. Rayon sakini Ağaşirin Bağırov Şabranın, bütövlükdə Azərbaycanın tərəqqisi naminə göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırdı.

Sonra Azərbaycan Prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış oldu.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası və gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun inşası planlaşdırılır. Layihə üzrə tikinti işlərinin müqavilə qiyməti 29 milyon manat, inşaat işləri zamanı yarana biləcək əlavə işlər nəzərə alınmaqla tikintinin qiyməti 37 milyon 50 min manat təşkil edir.

Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın "SADE" və ölkəmizin "RAMKO" şirkətləri ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanmışdır. İndiyədək 145 min 879 metr su ,129 min 356 poqonometr kanalizasiya xətti çəkilmiş, 5 min 766 ev kanalizasiya xəttinə birləşdirilmişdir.

Diqqətə çatdırıldı ki, suyun şəhər əhalisinə verilməsi üçün 100 kubmetrlik tənzimləyici anbarın, həcmi 700, 1000 və 2000 kubmetr olan su anbarlarının və çirkab su nasos stansiyasının tikintisi üzrə işlər artıq tam başa çatdırılmışdır. Gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun daha müasiri ilə əvəz olunması üçün layihədə dəyişiklik edilmişdir. Qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Şabran şəhərinə gün ərzində adambaşına 180 litr su verilməklə əhalini 24 saat ərzində daimi içməli su ilə təmin etmək mümkün olacaqdır.

Dövlətimizin başçısına şəbəkənin inşasında istifadə olunan mütərəqqi texnologiyalar, avadanlıq və materiallar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, layihənin reallaşdırılması zamanı mikrotunel qazma və digər müasir üsullar geniş tətbiq olunmuşdur. Bildirildi ki, ümumilikdə "Meliorasiya və Su Təsərrüfatı" ASC milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihəyə əsasən respublikanın 8 rayonunda - Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabadda iş aparır.

Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılmışdır.

Mərasimdən sonra Prezident İlham Əliyev həmin parkla tanış oldu. Bir hektar ərazidə orijinal layihə əsasında salınan park əhalinin ən çox üz tutacağı istirahət mərkəzlərindən biri olacaqdır. Burada quraşdırılan fəvvarə də orijinal layihəsi ilə fərqlənir. Əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış parkda əhalinin yaşa görə bütün təbəqələrinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın işıqlandırma sistemi də orijinallığı ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti