Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" 2013-cü il 13 iyun tarixli qanunun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2000-ci il 21 oktyabr tarixli fərmanının ləğvi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə beş ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi qaydasını müəyyən etmək; ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısını, həmin ölçmələrə dair məcburi metroloji tələbləri, o cümlədən dəqiqlik göstəricilərini müəyyən etmək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" 2013-cü il 13 iyun tarixli qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.