...

Milli Şuranın yeni namizəd axtarışı və ya Tbilisi görüşünün gizli məqamları

Siyasət Materials 30 İyul 2013 13:25 (UTC +04:00)

Elçin Mehdiyev - Trend-in icmalçısı

Artıq seçkilərə iki aydan bir az çox vaxt qalsa da, Milli Şuranın vahid namizəd məsələsi hələ də dalandan çıxa bilmir. Məlum olduğu kimi müxalifət düşərgəsindən bir sıra partiyalar artıq seçkilərdə iştiraklarını elan edib seçicilərlə görüşlərə başlasalar da, seçkiyə hazırlıq işləri həyata keçirsələr də, özünü müxalifətin indiyə qədər ən böyük birliyi elan edən Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov hələ də Azərbaycana gəlməyə tərəddüd edir, eyni zamanda qarşısında əsas maneə olan ikili vətəndaşlıq problemini çözməyə nail ola bilmir.

Belə olan halda isə Milli Şura yaranmış bu dalandan çıxmaq üçün yeni metodlara əl atmağa çalışır. Belə ki, indi də Milli Şuranın əvvəl israrla "yox" dediyi ikinci vahid namizəd məsələsi gündəmə gəlir. Hətta Milli Şuranın Tbilisidə keçirilməsi planlaşdırılan görüşündə yeni vahid namizədin irəli sürülməsi, bu namizədin isə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin olması barədə söhbətlər gəzir. Lalə Şövkətin də bu məsələ ilə bağlı artıq fəaliyyətə keçməsi haqqında da bilgilər var.

Ümumilikdə götürdükdə Milli Şuranın yeni vahid namizəd kimi Lalə Şövkət üzərində dayanması ciddi müzakirə oluna bilər. Çünki Müsavat Partiyasından başqa Milli Şurada təmsil olunan digər partiyaların istəməsələr də onların bu varianta getməsi mümkündür. Əslində son günlər Rəsul Quliyevlə Müsavat Partiyası arasında çəkişmələrin arxasında da Rəsul Quliyevin Lalə Şövkətin namizədliyini dəstəklədiyinin dayandığı real görünür. Bu sırada AXCP sədri Əli Kərimlinin də Rəsul Quliyev-Lalə Şövkət ittifaqına dəstək verəcəyi realdır. Çünki Əli Kərimli İsa Qəmbəri heç zaman "həzm" etməyib və bundan sonra da "həzm" edəcəyi mümkünsüzdür.

Müsavat Partiyasının isə Rüstəm İbrahimbəyovdan başqa kiminsə namizədliyi ilə razlaşması mümkün görünmür. Çünki hələ Milli Şura yaranmamışdan orada təmsil olunanların iki cəbhəyə bölündüyü aydın görünürdü. Xüsusən də bu, Müsavat Partiyasının Milli Şurada qəbul olunan qərarlarla asanlıqla razılaşmaması, bu qərarlarda partiyanın prinsiplərinin əks olunmasına təkid etməsi və s. kimi məsələlərdən aydın görünürdü. Ancaq nədənsə Müsavat Partiyası güzəştə gedərək Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul etdi. Ancaq bununla belə İsa Qəmbər namizədliyini geri götürməməklə Milli Şuranın vahid namizədi ilə bağlı şübhələrinin olduğunu ortaya qoydu. Seçkilərə az bir vaxt qaldığı halda isə Müsavat Partiyasının növbəti bir təhlükəli güzəştə getməsi mümkünsüz sayıla bilər. Bunu Müsavat təmsilçilərinin mətbuatda yayılan fikirlərində də aydın görmək olar. Yəni vəziyyət bu cür davam edərsə, Lalə Şövkətin asanlıqla vahid namizəd olması o qədər də asan olmayacaq.

İkinci versiya kimi Eldar Namazovun namizədliyinin irəli sürülməsi ilə bağlı bəzi məlumatlar yayılsa da, bu da o qədər real səslənmir. Çünki göründüyü kimi, Eldar Namazov Milli Şurada lider kimi qəbul edilmir, həm də lap əvvəldən o, yalnız Rüstəm İbrahimbəyovun icraçısı kimi çıxış edib, Milli Şura üzvləri ilə Rüstəm İbrahimbəyov arasında vasitəçi rolunu oynayıb.

Daha bir versiya kimi İsa Qəmbərin də Milli Şuranın vahid namizədi olması nəzərdən keçirilə bilər. Ancaq bu versiyanın da uğur qazanacağı şübhə altındadır. Bunun əsas səbəbləri kimi isə son zamanlarda Milli Şurada təmsil olunan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ilə Müsavat Partiyası arasında getdikcə dərinləşən çəkişmələri, o cümlədən Musavat Partiyası ilə Liberal Partiya arasındakı soyuq münasibətləri göstərmək olar.

Görünən budur ki, Milli Şuranın yeni vahid namizədi müəyənləşdirməsi əvvəlkindən olduqca çətin olacaq. Yəni əvvəlki namizədin müəyyənləşdirilməsi üçün nə qədər vaxt sərf olunduğunu nəzərə alsaq, növbəti bu cür prosesin hətta seçkilərdən sonrakı dövrə qədər davam edəcəyini düşünmək olar ki, bu da Milli Şuranın mahiyyətini heçə endirir.

Ümimilikdə götürdükdə seçkilərə az bir vaxt qaldığı halda Milli Şuranın belə bir çətin duruma düşməsi bu qurumun qeyri-sağlam prinsiplər əsasında qurulması haqda fikirləri bir daha təsdiq edir. İndi Milli Şura seçkilərə hazırlıq işləri, seçicilərlə görüşlərin keçirilməsi və s. zəruri işlərlə məşğul olmalı idi. Ancaq Milli Şura hələ də vahid namizəd dalanından çıxa bilmir. Hətta çıxsa belə, Milli Şuranın lazımi seçki təbliğatı aparmaq üçün kifayət qədər vaxtı olmayacaq. Beləliklə də, Milli Şura müxalifətin bundan əvvəlki uğursuz modellərindən birinə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti