Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A. Tağıyeva/
Türkiyə Yaxın Şərqdə sabitliyin təmin olunmasına öz töhfəsini verməyə hazırdır. Trend-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışında deyib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, dünyadakı siyasi proseslər baxımından Yaxın Şərq regionu xüsusi əhəmiyyət daşıyır. Ona görə də bu regionda sabitlik təmin olunmadan bütün dünyada tam əmin-amanlığa nail olmaq olmaz.
Davudoğlu, həmçinin bildirib ki, keçmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan nümayişçilərə qarşı tətbiq edilən zorakılıq yolverilməzdir və dünya birliyi Misirdəki qanlı hadisələrin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 421 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.