...

Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi təsdiq olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Avqust 2013 14:54
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında İlyas İsmayılovun Ədalət Partiyası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilib.
Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi təsdiq olunub (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə edilib (İlk xəbər 14:18-də yayılıb)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında İlyas İsmayılovun Ədalət Partiyası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilib.

Trend-in məlumatına görə, həmçinin iclasda Ədalət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda, həmçinin İlqar Məmmədovun prezidentliyə öz təşəbbüsü ilə namizədliyinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, İlqar Məmmədovun təqdim etdiyi sənədlərdə müəyyən pozuntular və səhvlər olub, sənədlər tələb olunan qaydada tərtib edilməyib: "Qeyd olunanlarla əlaqədar düzəlişlərin edilməsi üçün sənədlər geriyə qaytarılıb. Müəllif tərəfindən dəyişikliklər edilib, lakin sənədlərdə olan pozuntular, o cümlədən İlqar Məmmədovun şəxsiyyət vəsiqəsinin sürətinin təqdim olunmaması, məlumatların dəqiq olmaması yenə də qalır".

MSK sədrinin müavini Natiq Məmmədov isə iclasda bildirib ki, istintaq təcridxanasında saxlanmasına baxmayaraq MSK onun vəziyyətini başa düşərək İlqar Məmmədova sənədləri ilə bağlı sorğular göndərilib.

MSK sədri Məzahir Pənahov deyib ki, indiki şəraitdə onun namizədliyini təsdiq etməyə əsas yoxdur, çünki MSK tərəfindən göndərilən sorğulara cavab verilməyib.

İclasda qərar qəbul olunub ki, sorğulara cavab gələnə qədər namizədliyin təsdiq olunması təxirə salınsın.

MSK sədri Məzahir Pənahov, həmçinin iclasda bildirib ki, daha iki nəfərin - Cəmil Həsənli və "Yeni İslahatçılar" Təşəbbüs Qrupundan Ağaevli Əli İsa Hacı oğlunun sənədləri təsdiq olunmaq üçün MSK-ya təqdim olunub.

Qeyd edək ki, indiyə qədər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 18-dir. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədovdur, Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovdur.

15 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti