...

İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2013 14:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün başqa rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Layihə barədə məlumat verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub" kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmamışdır.

Sonra dövlətimizin başçısına "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaqdır. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcəkdir.

Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.

Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti