...

Millət vəkili: Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərə marağı kifayət qədər böyükdür

Siyasət Materials 11 Sentyabr 2013 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatı qeyri-obyektiv, əvvəlcədən hazırlanmış bir sənəddir. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan əleyhinə qərəzli məqamları özündə əks etdirən ATƏT DTİHB-nin hesabatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) hazırladığı analitik yazısında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatı qeyri-obyektiv mövqeyinə qarşı faktlar yer alıb.

F.Muradov vurğulayıb ki, ümumilikdə beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərə marağı kifayət qədər böyükdür.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının, həmçinin digər nüfuzlu təşkilatların nümayəndələrinin Bakıya səfəri də buna bir daha sübutdur.

F.Muradov qeyd edib ki, bu günədək seçki prosesinin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb: "Bu da bütün seçki prosesinin qanunlar çərçivəsində həyata keçirildiyinin göstəricisidir".

O, əhalinin prezident seçkiləri ilə bağlı məlumatlandırılması işinin yüksək səviyyədə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti