Azərbaycan, Bakı, 13 sentyabr / Trend, müxbir M.Əliyev/
ATƏT Parlament Assambleyasının payız sessiyasında Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunacaq. Bu barədə Trend-ə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B.Muradova bildirib ki, oktyabrın 13-14-də keçiriləcək ATƏT PA-nın Daimi komitəsinin iclası zamanı Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının ilkin rəyi açıqlanacaq:
"ATƏT PA-nın iclasının seçkilərdən bir neçə gün sonra keçiriləcəyini nəzərə alaraq təxmin etmək olar ki, Azərbaycandakı seçkilərlə bağlı məsələ müzakirəyə çıxarılsa da geniş polemika açılmayacaq. Daha geniş müzakirələr müşahidə missiyasının yekun hesabatı dərc etməsindən sonra aparılacaq".
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, ATƏT PA-nın payız sessiyasının əsas müzakirə mövzusu insan haqları ilə bağlı olacaq.
Eyni zamanda B.Muradova qeyd edib ki, sessiyanın iclaslarındakı müzakirələr zamanı hər dəfə olduğu kimi azərbaycanlı millət vəkilləri Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilər, münaqişənin həlli ilə bağlı aparılan danışıqlara edilən maneələr barədə məsələləri qaldıracaqlar.
Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.