Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Seçki prosesi başlayandan Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, hələ ki prosesin rəvan getməsi, yaradılan şəraitin yüksək olması görünməkdədir: "Lakin indiyədək nə namizədliyin irəli sürülməsi və qeydə alınması, nə də təşviqat mərhələsində MSK-ya rəsmi şəkildə bu və ya digər pozuntunun olması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb".
Seçki təşviqatı ilə bağlı pozuntuya yol verən kütləvi informasiya vasitələri haqqında danışan N.Məmmədov vurğulayıb ki, MSK-ya bu cür faktlarla bağlı məlumat daxil olmayıb: "Ancaq bir fikri diqqətinizə çatdırmaq istəyirəm ki, istər KİV orqanları, istər internet resursları, istərsə də digər vasitələr olsun, yəni istənilən fəaliyyətin məqsədi olduğu kimi, təşviqatın da özünəməxsus məqsədi var. Təşviqat seçicinin kimisə seçməyə inandırmaqdan ibarətdir. Əgər həmin təşviqat kiminsə xeyrinə bildirilirsə, ilk növbədə fəaliyyətin qanunauyğunluğu həmin şəxsin özünü narahat etməlidir".
N.Məmmədov əlavə edib ki, bu, seçimin özünün nə dərəcədə qanunauyğun olduğunu müəyyən edən amildir: "Hesab edək ki, biz sizinlə praktik qanun pozuntusunu müzakirə ediriksə, əlbəttə, vasitənin, yəni KİV-in fəaliyyətinin qanunsuzluğu bu halda müzakirə obyekti deyil. Bununla bağlı başqa qaydalar işləyir. Onun fəaliyyətinin qanuniliyi qəbul edilmir. Amma axı onun məqsədi var idi! Məqsəd ona xidmət edirdi ki, hansısa bir şəxs daha çox etimad qazansın, insanların seçiminə nail olsun. Əgər bu qanunsuz edilirsə, həmin şəxs narahat olmalıdır. Bununla MSK-nın əlində qanuni imkanlar kifayət qədərdir".