...

Vaşinqtonda "Yeni İpək Yolunun Cənub Dəhlizi" adlı tədbir keçirilib

Siyasət Materials 19 Sentyabr 2013 07:18 (UTC +04:00)
ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya - Qafqaz İnstitutu tərəfindən sentyabrın 18-də Vaşinqtonda “Yeni İpək Yolunun Cənub Dəhlizi” başlığı altında toplantı keçirilib.
Vaşinqtonda "Yeni İpək Yolunun Cənub Dəhlizi" adlı tədbir keçirilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya - Qafqaz İnstitutu tərəfindən sentyabrın 18-də Vaşinqtonda "Yeni İpək Yolunun Cənub Dəhlizi" başlığı altında toplantı keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzi Asiya - Qafqaz İnstitutunun tədqiqatlar üzrə direktoru Svante Kornelin moderatorluq etdiyi tədbirdə məruzəçilər qismində ardıcıl olaraq Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Gürcüstan səfiri Arçil Qeqeşidze və Türkmənistan səfiri Meret Orazov çıxış edib və təmsil etdikləri ölkələrin "İpək Yolu" boyunca həyata keçirilən və ya planlaşdırılan enerji, nəqliyyat, telekommunikasiya layihələri barədə məlumat veriblər.

Səfir Elin Süleymanov Azərbaycanın region ölkələri ilə gerçəkləşdirilən təşəbbüslərə verdiyi əhəmiyyətdən söz açaraq, həmin layihələrin iştirakçı dövlətlər arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Səfir Azərbaycanın nəqliyyat tranziti imkanlarından bəhs edərək, konkret olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt dəniz limanının inşası, eləcə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanının infrastrukturunun genişləndirilməsi haqqında toplantı iştirakçılarını məlumatlandırıb.

Bundan əlavə, o, TRASECA layihəsi çərçivəsində atılan addımlara istinad edib və paralel şəkildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cari ilin avqustunda Qəbələdə keçirilmiş 3-cü Zirvə görüşündə aparılmış əsas müzakirələrin məhz qarşılıqlı nəqliyyat şəbəkəsinin inkişafına yönəldiyini xatırladıb. E.Süleymanov, nəhayət, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin vəd etdiyi geniş perspektivləri sadalayıb və həmin layihənin həyata keçirilməsi üçün platforma rolunu oynayacaq Avrasiya Bağlantı Alyansının təsis olunmasını təklif edən qətnamənin sentyabr ayının əvvəlində BMT Baş Assambleyasında qəbul edilməsini alqışlayıb.

Toplantıya ABŞ Dövlət Departamenti, yerli diplomatik korpus və araşdırma mərkəzlərinin nümayəndələri, eyni zamanda, Con Hopkins Universitetinin tələbələri qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti