...

Ümumrusiya Azərbaycan Konqresi Domodedovo şəhərində Azərbaycanda prezident seçkiləri ilə bağlı aksiya keçirib

Siyasət Materials 7 Oktyabr 2013 16:37 (UTC +04:00)
Moskva və Moskva vilayətindən olan yüzlərlə Azərbaycan və Rusiya vətəndaşı İlham Əliyevin namizədliyinə dəstək kampaniyasına qoşulmaq üçün Moskva vilayətinin Domodedovo şəhərində bir araya gəlib.
Ümumrusiya Azərbaycan Konqresi Domodedovo şəhərində Azərbaycanda prezident seçkiləri ilə bağlı aksiya keçirib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Moskva və Moskva vilayətindən olan yüzlərlə Azərbaycan və Rusiya vətəndaşı İlham Əliyevin namizədliyinə dəstək kampaniyasına qoşulmaq üçün Moskva vilayətinin Domodedovo şəhərində bir araya gəlib. Trend-in məlumatına görə, şəhərin Mədəniyyət Evində təşkil edilmiş mərasimdə ən böyük zal 700 nəfərlik olsa da, burda əsl qələbəlik yaşanıb.

İlk dəqiqələrdən anşlaqın müşahidə edildiyi rəsmi və qeyri-rəsmi hissədən ibarət iki hissəli tədbir Vladimir Putinin Bakıya olan rəsmi səfərindən hazırlanmış videoçarxla başladı. Nikbin kompozisiyaların müşayiəti ilə hazırlanmış videomaterialda Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlər haqqında söylədikləri nitq gur alqışla qarşılandı.

Tədbirdə çıxış edən Domodedovo şəhər administrasiyasının rəhbəri Dmitri Qorodetski bildirib ki, bu tədbir Domodedovo şəhərində Azərbaycan-Rusiya dostluğunu sübut edən növbəti tədbirdir. Onun sözlərinə görə, sevindirici haldır ki, təmirdən sonra 800 nəfərlik bir zalda oturmağa yer yoxdur:

"Mən fəxr edirəm ki, bu tədbirdə təkcə Azərbaycan diasporu yox, Domodedovo şəhərinin bütün rəhbər instansiyaları, sadə domodedovolular iştirak edirlər. Bu, hər iki xalqın Azərbaycan-Rusiya dostluğuna olan inamının göstəricisidir. Domodedovo şəhər dairəsi Moskva vilayətinin ərazisinin 2 faizini təşkil etsə də, Moskva şəhəri ilə ərazisi təxminən eynidir, iqtisadi baxımdan isə biz şəhər dairəmizin iqtisadi göstəriciləri ilə Rusiyanın 34 subyektindən irəlidəyik. Videoçarxdan izlədiyimiz kimi, Vladimir Putin Azərbaycanın iqtisadiyyatının inkişafindan danışdı. Deməliyəm ki, Domodedovo da Bakı kimi sürətlə inkişaf edən şəhərlərdəndir. Bu inkişafda şəhərdə yaşayan minlərlə azərbaycanlının xidməti və əməyi var. Onlardan biri parlaq işləri ilə daha məşhur olan Azərbaycan təmsilçisi, diasporun rəhbəri Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovdur".

D.Qorodetski daha sonra deyib: "Biz bu gün ənənəvi Azərbaycan-Rusiya dostluğunu təsdiqləmək üçün, Azərbaycan Prezidenti İlham Əliyevə olan hörmətimizi bildirmək üçün buraya toplaşmışıq. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alib və bu ali məktəbdə dərs deyib. Biz bilirik ki, diplomat elə bir peşənin sahibidir ki, o, "Hə" deyə bilər, ancaq "Yox" nəticəsi verən addım ata bilər. Ancaq Rusiya-Azərbaycan münasibətləri heç vaxt ikinci plan xarakteri daşımayıb. Bizim münasibətlərimiz əsl dostlar arasında olduğu kimi, hər zaman həqiqi, layiqli, ədalətli xarakter daşıyıb və daşıyır. İlham Əliyev ilk dəfə Prezident seçilən zaman təxminən 79 faiz səs toplamışdı, bu yaxınlarda Moskva vilayəti qubernatorunun seçkilərində də bizim gənc qubernatorumuz Andrey Vorobyov 79 faiz səs topladı. İkinci prezident seçkilərində cənab İlham Əliyevə 87 faiz vətəndaş səs vermişdi. Hesab edirəm ki, əgər ölkədən kənardakı azərbaycanlılar, vətəndaşlığından asılı olmayaraq, Azərbaycan Prezidentinə, öz vətənlərinə belə sədaqət və məhəbbət nümayiş etdirirsə, deməli, bu seçkilərin də nəticəsini öncədən bilmək olar.

Mən sizi təbrik edirəm ki, sizin Azərbaycan kimi gözəl diyarınız var. Bizim şəhər dairəsinin ərazisindəki Domodedovo aeroportuna 82 aviaşirkətin, o cümlədən AZAL-ın təyyarələri gəlir. Mən inanıram ki, Azərbaycanla Domodedovo arasında olan körpü, o cümlədən hava körpüsü daha da inkişaf edəcək və nəticə etibarilə biz öz şəhərimizi Azərbaycanın hər hansı bir şəhəri ilə qardaşlaşdıracağıq".

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti üzrə regional bölməsinin rəhbəri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov D.Qorodetskinin fikirlərini inkişaf etdirərək İlham Əliyev və Vladimir Putinin apardığı milli siyasətin xalqlarımıza qazandırdığı uğurdan, verdiyi xeyirdən danışıb:

"Azərbaycan prezident seçkilərinə həsr edilmiş bu vacib aksiyada fəal iştirakınıza görə hər birinizə minnətdaram. ÜAK-ın regional bölmələri bütün Rusiyanı əhatə edir və hər yerdə seçkilərlə əlaqədar bu kimi tədbirlər həyata keçirilir. Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında saziş 1992-ci il aprelin 4-də imzalanıb. Bu gün münasibətlərimiz o qədər inkişaf edib ki, iki ölkə arasında olan münasibətlər bütün keçmiş ittifaq dövlətləri üçün örnək və nümunə ola bilər. Azərbaycan və Rusiya prezidentləri münasibətlərimizə yüksək qiymət veriblər. İki ölkə arasında həllini tapmayan məsələ yoxdur. İstənilən məsələni danışıq yolu ilə prezidentlərimiz həll edə bilir. Münasibətlərimizin bariz nümunəsi kimi Azərbaycanda rus dilinin inkişafını misal gətirərdim. Rus dili məktəbdən ali məktəbə qədər vətəndaşlarımızı müşayiət edir. Bu, Heydər Əliyevin qoyduğu siyasi kurs və bu kursu davam etdirən İlham Əliyevin uzaqgörənliyi və siyasi savadının nəticəsidir. Biz İlham Əliyevin ölkə daxilində sosial, iqtisadi siyasətinin səmərəsini hiss edirik. Deyərdim ki, bu səmərəli fəaliyyətin nəticəsini gələcək nəsillər də görəcək. İnanıram ki, 9 oktyabrda xalqımız düzgün seçim edəcək. İlham Əliyevə öz səsini verəcək".

Daha sonra "Azərbaycan-Rusiya dostluğu" adlı konsert proqramına start verilib. Konsertin proqramı onun şüarı və məqsədilə tam ahəngdarlıq təşkil edib. 4 saata yaxın davam edən musiqi bayramında Rusiya və Azərbaycan musiqi sənətinin təmsilçiləri səhnəni bölüşüblər. Azərbaycanın xalq artisti Samir Cəfərov, Mələkxanım Eyyubova, əməkdar artist Tünzalə Ağayeva, Qaya Dövlət Mahnı Ansamblı, milli rəqqaslarımız, Rusiyanın "Respublika", "Mister İks" musiqi qrupları tamaşaçılara unudulmaz dəqiqələr yaşadıblar. Tədbir iştirakçılarının hər birinə İlham Əliyev və Vladimir Putinin görüşlərindən təşkil edilmiş və hər kəsi Prezident İlham Əliyevə səs verməyə çağıran broşürlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti