...

Leyla Əliyeva: İnsan ətraf mühitə münasibətini dəyişməsə, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyət üçün təhlükəyə çevriləcək (FOTO)

Siyasət Materials 31 Oktyabr 2013 20:19 (UTC +04:00)
Bakı bu gün dünyada sürətlə dəyişən şəhərlərdən biridir. Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva III Bakı Humanitar Forumunda çıxış edərkən deyib.
Leyla Əliyeva: İnsan ətraf mühitə münasibətini dəyişməsə, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyət üçün təhlükəyə çevriləcək (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Əliyev/

Bu gün Bakı dünyada sürətlə dəyişən şəhərlərdən biridir. Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva III Bakı Humanitar Forumunda çıxış edərkən deyib.

L.Əliyeva bildirib ki, lakin yeni və müasir inkişafdan başqa, bizim yüksək dəyər verdiyimiz çox qədim tariximiz, mədəniyyətmiz və adət-ənələrimiz var: "Azərbaycan həmişə müxtəlif din, millət və adət-ənənələrin məskəni olub. Tolerantlıq bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsidir. Biz digər həyat tərzini tanımırıq".

Onun sözlərinə görə, Humanitar Forum fikir mübadiləsi baxımından gözəl imkandır: "Mənə elə gəlir ki, Bakı Forumunun ən gənc iştirakçılarının nümayəndəsi kimi davamlı inkişaf və ekoloji sivilizasiya probleminin təqdim edilməsinin mənə həvalə edilməsi olduqca rəmzi xarakter daşıyır".

L.Əliyeva qeyd edib ki, bu, ekoloji problemlərə cəlb olunmaq, həmçinin planetimizi mühafizə etmək məqsədi ilə bir tərəfdən bizim üçün müsbət çağırışdır: "Digər tərəfdən isə başqa alternativin olmadığı anlayış mövcuddur".

Onun sözlərinə görə, insan ətraf mühitə münasibətini dəyişməsə, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyət üçün təhlükəyə çevriləcək:

"Buna görə də bir neçə il əvvəl təbiətin mühafizəsi üzrə beynəlxalq dialoq təşəbbüsü ilə çıxış etmişik. Bu bizim prioritetimiz - cəmiyyətin diqqətini həssas ətraf mühitimizin mühafizəsinin zəruriliyinə cəlb etmək olub".

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü) son iki il ərzində təkcə Azərbaycanda və regionda deyil, həmçinin bütün dünyada bir çox layihələr həyata keçirib:

"O cümlədən, təşəbbüslərdən biri Azərbaycanda yaşayan gənc insanları simvollaşdıran 3 milyon ağacın əkilməsi oldu. Bu, gənc azərbaycanlıları birləşdirmək və diqqəti ekoloji problemlərə yönəltmək üçün əla üsul idi".

L.Əliyevanın sözlərinə görə, IDEA hazırda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşıdır: "IDEA, həmçinin insanların məlumatlılığını artırmaq üçün seminarlar təşkil edir, ədəbiyyat yayır və yerli ətraf mühit mühafizəçilərini dəstəkləyir".

Fondun vitse-prezidenti qeyd edib ki, IDEA heyvanların qorunmasına xidmət edən bir çox layihələrdə iştirak edir:

"Xüsusi ilə, bu, Azərbaycanda yaşayan ceyran, Qafqaz bəbiri kimi nadir heyvan növlərinin mühafizəsidir. IDEA, eyni zamanda, uşaqların ətraf mühit haqqında məlumat əldə etmək imkanı olduğu xüsusi siniflər yaradıb, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" adlı beynəlxalq fotomüsabiqələri keçirib. Bu müsabiqələrdə 90 ölkədən 1200-dən çox uşaq iştirak edib".

L.Əliyevanın sözlərinə görə, növbəti "Su yoxdur - həyat yoxdur" müsabiqəsi 2014-cü ildə start götürəcək: "Uşaqlar bu müsabiqədə ətraf mühitə baxış və münasibətlərini ifadə edə biləcəklər. Bizim ən böyük resurslarımız planetimizin mühafizəsinin qayğısına qalan insanların yaradıcılığı, biliyi və ruhudur".

Fondun vitse-prezidenti qeyd edib ki, kapital və təbii resurslar tükənə bilər, lakin yeni texnologiyalar, ideyalar, proqramlar və məhsullar hazırlayan insan zəkası tükənməyəcək: "Bununla belə, insan bəzən müxtəlif fəlakətlərin, habelə xeyli sayda həll edilməmiş ekoloji problemlərin səbəbkarına çevrilir".

L.Əliyeva ekoloji məsələnin Humanitar Forumda müzakirə mövzusuna çevrilməsindən və gənclər arasında aktuallaşacağından məmnun qaldığını ifadə edib.

Onun fikrincə, gənclərin səylərini birləşdirməklə ekoloji vəziyyəti yaxşılaşdırmaq baxımından böyük nəticələr əldə etmək olar: "Əminəm ki, bu Forum həmişəki kimi çox uğurlu, məhsuldar və maraqlı olacaq. Görkəmli ekspertlər və istedadlı insanlar qarşısında çıxış etmək imkanına görə bir daha təşəkkür etmək istərdim. Hamınıza ölkəmizdə xoş anlar keçirməyi arzulayıram. Ümid edirəm ki, tariximizi, memarlığımızı və mədəniyyətimizi öyrənməyə vaxtınız olacaq, həmçinin Dənizkənarı Milli Parkda gəzintidən zövq alacaqsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti