...

ABŞ-ın San Dieqo şəhərində Azərbaycana həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 22 Noyabr 2013 10:13 (UTC +04:00)
Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda fəaliyyət göstərən tanınmış Diplomatiya Şurası (San Diego Diplomacy Council) tərəfindən Azərbaycana həsr olunmuş tədbir keçirilmişdir.
ABŞ-ın San Dieqo şəhərində Azərbaycana həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda fəaliyyət göstərən tanınmış Diplomatiya Şurası (San Diego Diplomacy Council) tərəfindən Azərbaycana həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluğun dəstəyi ilə keçirilən tədbir San Dieqo-Kaliforniya Universitetində baş tutmuşdur.

Tədbirdə Şuranın idarə heyətinin üzvləri, universitet professorları, ekspertlər, San Dieqoda akkreditə olunmuş konsullar, şəhərin müxtəlif qurumlarının nümayəndələri və digər şəxslər iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyəti, tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, fəal xarici siyasəti, bölgədə oynadığı aparıcı rol, eləcə də ABŞ ilə hərtərfli tərəfdaşlığı barədə ətraflı məlumat vermişdir.

Baş konsul Ermənistanın Azərbaycana qarşı təcavüzündən geniş şəkildə bəhs edərək bildirmişdir ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. Diplomat Ermənistanın gələcəyinin Azərbaycan ilə sülhdən birbaşa asılı olduğunu bildirərək, Ermənistan rəhbərliyinin bu reallığı tez bir zamanda dərk etməli olduğunu diqqətə çatdırmışdır. N.Ağayev, həmçinin ölkəmizin qədim tolerantlıq ənənələrindən danışaraq, etnik və dini müxtəlifliyin Azərbaycanın bir zənginliyi və sərvəti olduğunu bildirmişdir.

Sonra tədbir əslən Azərbaycandan olan, Bakı Musiqi Akademiyasının yetirməsi, tanınmış violonçel ifaçısı Ruslan Biryukovun rəhbərlik etdiyi Los Anceles Simli Kvarteti tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev və S.Hacıbəyov kimi dahi Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam etmişdir. Kvartetin ifası sürəkli alqışlarla qarşılanmışdır.

Sonda tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin müxtəlif təamlarına qonaq edilmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti