...

Türkiyə Misiri itirdi

Siyasət Materials 25 Noyabr 2013 13:15 (UTC +04:00)
Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin hərbi, çevriliş yolu ilə devrilməsinə dünya dövlətlərinin münasibəti birmənalı olmadı. Hərbi çevrilişdən sonra yaradılan müvəqqəti hökumətə qarşı ən sərt tənqid isə Türkiyə hökumətindən gəldi.
Türkiyə Misiri itirdi

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin hərbi, çevriliş yolu ilə devrilməsinə dünya dövlətlərinin münasibəti birmənalı olmadı. Hərbi çevrilişdən sonra yaradılan müvəqqəti hökumətə qarşı ən sərt tənqid isə Türkiyə hökumətindən gəldi.

Türkiyənin regiondakı müttəfiqi hesab edilən ABŞ-ın "Müsəlman qardaşlar" təşkilatının inqilabı "oğurlayaraq" ondan hakimiyyətə gəlmək üçün öz siyasi maraqlarında istifadə etdiyini bəyan etməsinə baxmayaraq, rəsmi Ankara hər zaman Misirdə demokratik yolla seçilən hakimiyyətə dəstək verəcəyini bildirdi və ölkədə "Müsəlman qardaşlar" hakimiyyətinə dəstək aksiyaları keçirərək müvəqqəti hökuməti hərbi çevrilişin törəmələri adlandırdı.

Çevrilişdən sonra Misir rəsmiləri Türkiyəni ölkənin daxili işlərinə qarışmaqda və qeyri-qanuni elan edilən "Müsəlman qardaşlar" təşkilatına dəstək verməkdə ittiham etsələr də, rəsmi Ankara Misirdə yalnız demokratiyaya dəstək verdiyini bildirdi.

İki ölkə arasında yaranan siyasi gərginlik öz pik həddinə çatdı və şənbə günü Qahirə Türkiyənin Misirdəki səfirini arzuolunmaz şəxs elan edərək ölkədən çıxmasına bir həftə vaxt verdi.

Bir çox siyasi analitiklər Misirin atdığı addımı siyasi səhv adlandırsalar da, əslində bu, gözlənilən bir addım idi.

Ümumiyyətlə, Misirdə Hüsnü Mübarək hakimiyyətinin devrilməsindən sonra Qahirə-Ankara münasibətlərinin tarixinə nəzər salsaq, ideoloji baxımdan bir-birinə yaxın hesab edilən siyasi hakimiyyət arasında əlaqələrin heç də yüksələn xətlə inkişaf etdiyini söyləmək olmaz. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Misirə səfəri zamanı verdiyi açıqlama o vaxt da siyasi qalmaqala səbəb olmuşdu.

Ərdoğan misirliləri demokratiyaya üstünlük verməyə, dünyəviliyin dinsizlik olmadığını və dini deyil dünyəvi konstitusiyanı qəbul etməyə çağırmışdı.

Bu açıqlama "Müsəlman qardaşlar" tərəfindən xoş qarşılanmamışdı və islamçılar misirlilərin "İslamın xilaskarı" adlandırdığı Ərdoğana ölkənin daxili işlərinə qarışmamağı tövsiyə etmişdilər.

İki ölkə arasında davam edən siyasi gərginliyin nəticəsi olaraq diplomatik əlaqələrin minimuma endirilməsindən ən çox Misirin əziyyət çəkəcəyi hesab edilsə də, bu, bir o qədər inandırıcı deyil.

Nəzər alınsa ki, son zamanlar bütün sahələrdə Qahirə ilə Moskva arasında əlaqələrdə ciddi irəliləyiş var, düşünmək olar ki, Türkiyənin Misirdəki yerini Rusiya asanlıqla dolduracaq.

Misirdən fərqli olaraq isə, tam əminliklə demək olar ki, Ankara hazırkı hakimiyyətinə qarşı yürütdüyü tənqid siyasəti nəticəsində Misiri tam olaraq itirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti