...

Həsən Ruhani: İqtisadi böhranlardan qorunmaq üçün İƏT çərçivəsində üzv ölkələrin əməkdaşlığı etibarlı yoldur

Siyasət Materials 26 Noyabr 2013 11:15 (UTC +04:00)
"Dünyada son illərdə yaranmış və gələcəkdə ehtimal olunan iqtisadi böhranlardan qorunmaq üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində üzv ölkələrin əməkdaşlıqları və yaxınlaşması etibarlı yoldur".
Həsən Ruhani: İqtisadi böhranlardan qorunmaq üçün İƏT çərçivəsində üzv ölkələrin əməkdaşlığı etibarlı yoldur

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir T.Cəfərov/

"Dünyada son illərdə yaranmış və gələcəkdə ehtimal olunan iqtisadi böhranlardan qorunmaq üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində üzv ölkələrin əməkdaşlıqları və yaxınlaşması etibarlı yoldur". Bunu İran Prezidenti Həsən Ruhani bu gün Tehranda İƏT Xarici İşlər Nazirləri Şurasının XXI iclasının açılış mərasimində çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər agentliyi məlumat verir.

H.Ruhani bildirib ki, İƏT ölkələrinin strateji coğrafi mövqelərdə yerləşməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizinin bu təşkilata üzv ölkələrin ərazisində olması İƏT-in gələcəkdə daha böyük və təsiredici bir qurum olacağına inamı artırır.

İran Prezidenti qeyd edib ki, İƏT ölkələrinin ötən 20 il ərzində sıx əməkdaşlıqları onların gələcək münasibətləri üçün yol göstəricisi olacaq. Onun sözlərinə görə, İƏT ölkələri arasındakı hazırkı əməkdaşlıq səviyyəsi qənaətbəxş deyil və əlaqələrin daha da inkişaf etdirilməsi üçün bütün lazımi infrastrukturlar var: "İƏT ölkələri arasında ticari əlaqələr artarsa, bu, bölgənin və üzv ölkələrin inkişafına təkan verəcək, eləcə də digər ölkələrin həmin ölkələrdə investiyalar yatırmasına zəmin yaradacaq".

H.Ruhani bildirib ki, İƏT-ə alternativ təşkilat tanımır: "İƏT-də bəzi islahatlar aparılmalıdır ki, həmin islahatlarla üzv ölkələr arasında əməkdaşlıqlar daha da artsın".

Qeyd edək ki, noyabrın 24-25-də Tehranda İƏT Nazirlər Şurasının XXI iclasına hazırlıq məqsədi ilə üzv dövlətlərin nümayəndələrinin iclası keçirilib. İclasda təşkilatın Bakı şəhərində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin nizamnaməsinin razılaşdırılması, nəqliyyat, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələri üzrə 2012-2013-cü illərdə görülən işlər, İƏT-in layihə və proqramlarının icra vəziyyətinin dəyərləndirilməsi və 2014-cü ilə dair iş proqramında əksini tapmış təkliflər müzakirə olunub. Həmçinin Nazirlər Şurasında qəbul edilməsi nəzərdə tutulan Kommunikenin mətni hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti