Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/
Millət vəkilləri Azərbaycanın Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı ilə bağlı həyata keçirdiyi siyasəti uğurlu addım hesab edirlər.
Trend-in məlumatına görə, millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında Vilnüs sammiti və bundan sonra yaranmış duruma şərh verərək bildirib ki, son günlərdə Ukraynada baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanın bu sahədə yürütdüyü siyasət düzgündür.
Millət vəkili Fazil Mustafa da Azərbaycanın Aİ ilə bağlı yürütdüyü xarici siyasətin uğurlu olduğunu qeyd edib: "Vilnüs sammitində Azərbaycanın atdığı addımları xarici siyasətin uğuru kimi dəyərləndirirəm. Bu bizə Rusiya ilə manevr etmək imkanı verdi. Amma buna baxmayaraq, RF Prezidenti Vladimir Putin Ermənistanda Azərbayacana yönəlik təhdidedici bəyanatlar və mesajlar verdi. O, hətta Ermənistandakı hərbi bazanın bu ölkəyə yardım etməsini bəyan etdi".
Deputat onu da əlavə edib ki, manevr siyasəti gözəldir, amma Ukraynadakı hadisələr də sübut etdi ki, yolumuz Avropaya doğrudur və bunu yaddan çıxarmaq lazım deyil.
Millət vəkili Qüdrət Həsənquliyev də bu siyasətin uğurundan danışaraq bildirib ki, biz gələcəkdə Rusiya ilə siyasətimizdə ehtiyatlı olmalıyıq: "Dəfələrlə bəyan etmişəm və bir daha bəyan edirəm ki, Qarabağ məsləsini ancaq Rusiya ilə həll etmək olar. Bu münaqişənin həllində Ermənistan heç kimdir. Odur ki, biz bu problemin Rusiya ilə həllinə nail olmalıyıq".