Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Kiyevdə ölkədə yaşayan milli azlıqların hüquqlarına həsr olunmuş "dəyirmi masa" keçirilib. Ukrayna Millətlər Assambleyasından (UMA) Trend-ə verilən məlumata görə, müzakirələr "Ukrayna cəmiyyətin konsolidasiyası kontekstində milli azlıqların hüquqları" mövzusunda olub.
"Dəyirmi masa" UMA və ölkənin İnsan haqları institutu ilə birgə təşkil olunub. Tədbirdə ictimai hüquq müdafiə təşkilatlarının, Ukrayna milli-mədəni cəmiyyətlərinin nümayəndələri, tanınmış alimlər, diplomatlar və jurnalistlər iştirak edib.
UMA-nın sədri Rövşən Tağıyev, Ukrayna yəhudi forumun prezidenti Arkadi Monastırskiy, "Tuğan Tel" Ümumukrayna tatar mərkəzinin sədri Pyotr Şerafutdinov, etnopolitoloq-alim Aleksandr Mayboroda, Larisa Loyko, İrina Kresina, Maksim Raumnıy və digərlərin çıxışı zamanı milli münasibətlər sahəsində qanunvericilik bazasının yaxşılaşdırılması üçün konkret təkliflər səsləndirilib.
"Dəyirmi masa"nın nəticələrinə əsasən, Ukraynada siyasi böhranın həlli, konstitusiya quruluşunun, sülhün və əminamanlığın qorunması üçün millətlərarası münasibətlərin siyasiləşdirilməsinin qarşısının alınması ilə bağlı təkliflərini özündə əks etdirən qətnamə qəbul olunub.
Qeyd edək ki, UMA-da azərbaycanlılar, tatarlar, yəhudilər, ruslar, qaqauzlar və digər azsaylı xalqlar birləşir.