...

Azərbaycanda çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılır

Siyasət Materials 11 Fevral 2014 19:29 (UTC +04:00)
Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycanda çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılır

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın.

"ASAN ödəniş" sistemi aşağıdakıları təmin etməlidir:

- inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;
- inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
- inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə "ASAN ödəniş" sisteminin təşkilini və fəaliyyətini təmin etməli, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etməlidir:

- inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;
- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;
- məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.

Daxili İşlər, Ədliyyə nazirlikləri və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları "ASAN ödəniş" sisteminin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri informasiya resursları ilə təmin edəcəklər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Prezidentin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib. İndiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub. Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.

Bundan əlavə, "ASAN xidmət" mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, eləcə də xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri də göstərəcəklər. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti