Azərbaycan, Bakı, 12 fevral /Trend/
Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
G.Marqvelaşvili bəyanatında bildirib: "Bakıya səfərimizin çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü və qəbulu bir daha qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq. Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar".
O, qeyd edib ki, həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir:
"Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk".
Gürcüstan Prezidenti vurğulayıb ki, aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır: "İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir. Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.
Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk".