Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın Ukraynadakı səfirliyi "Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi" ictimai təşkilatının sədri Rövşən Tağıyevin bəyanatı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, R.Tağıyevin bəyanatında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi dəstəklədiyi, lakin sonradan mövqeyini dəyişdirdiyi barədə bir sıra Ukrayna xəbər portallarında getmiş yazılarla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bildirir ki, Ukraynada fəaliyyət göstərən heç bir Azərbaycan diaspor təşkilatı 2013-cü ilin noyabr ayından başlayaraq bu günədək Kiyevin Müstəqillik meydanında davam edən etiraz aksiyalarında xalqın tələbinə zidd olan bəyanatlar verməmiş, hakimiyyət tərəfindən edilən zorakılığı dəstəkləməmişdir.
Əksinə, Ukraynadakı Azərbaycan icmasının nümayəndələri Maydan hərəkatının ilk günlərindən xalqın sıralarında olmuşdur, Müstəqillik meydanında xəsarət alanların arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da vardır.
Məlumatda qeyd olunur ki, R.Tağıyevə gəldikdə isə qeyd etmək lazımdır ki, onun həmin bəyanatında və "Ukrayna Millətlər Assambleyası" təşkilatının sədri kimi əvvəlki müsahibələrində xalqın tələblərinə dəstək ifadə olunmuş, hakimiyyət tərəfindən güc tətbiq edilməsinin yolverilməzliyi vurğulanmışdır.
Buna görə də səfirlik bu məsələ ilə bağlı müxtəlif xəbər portallarında gedən məlumatın həqiqəti əks etdirmədiyini və qərəzli xarakter daşıdığını bəyan edir.