Azərbaycan, Bakı, 17 mart /Trend/
ABŞ Krımda keçirilən referendumu qanunsuz sayır və səsvermənin nəticələrini tanımayacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Cey Karninin yazılı bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qəti şəkildə dəstəkləyir: "Biz Ukraynanın Krım regionunda martın 16-da keçirilən referendumu qəbul etmirik. Bu referendum Ukrayna Konstitusiyasına ziddir və beynəlxalq ictimaiyyət beynəlxalq hüququn pozulması ilə və Rusiyanın hərbi müdaxiləsi, təhdid və zorakılıq şəraitində keçirilən referendumun nəticələrini qəbul etmir".
Qeyd edək ki, bazar günü Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilib. "Exit-poll"un nəticələrinə əsasən, referendumunda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər. Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasını istəyir.