...

İrandan Azərbaycana narkotik vasitənin daşınması, saxta dərman preparatlarının hazırlanması və qanunsuz dövriyyəsinin qarşısı alınıb

Siyasət Materials 15 Aprel 2014 15:08 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına 36 kiloqram 500 qram narkotik vasitənin daşınmasının, həmçinin Bakı şəhərində saxta dərman preparatlarının hazırlanmasının və qanunsuz dövriyyəsinin qarşısı alınıb.
İrandan Azərbaycana narkotik vasitənin daşınması, saxta dərman preparatlarının hazırlanması və qanunsuz dövriyyəsinin qarşısı alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına 36 kiloqram 500 qram narkotik vasitənin daşınmasının, həmçinin Bakı şəhərində saxta dərman preparatlarının hazırlanmasının və qanunsuz dövriyyəsinin qarşısı alınıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər. Məlum olub ki, 2013-cü ilin təxminən yanvar ayının əvvəllərində "Ağa" ləqəbli Rza adlı İran vətəndaşı külli miqdarda narkotik vasitə olan heroinin İrandan Azərbaycana gətirilməsini təşkil edib və Eldar Həsənova həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürərək Rusiya Federasiyasına göndərməyi tapşırıb. E.Həsənov da həmin narkotik vasitəni oradan götürərək başqa bir yerdə gizlədib.

Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində E.Həsənov saxlanılıb, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilən baxış zamanı 25 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb.

MTN tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu saxlanılıblar. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR CM-in 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılıb, E.Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta baytarlıq preparatlarının hazırlanmasının və satışa çıxarılmasının qarşısı alınıb.

Məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Muxtar Rafiq oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində icarəyə götürdüyü şəxsi həyət evində satış məqsədilə qaçaq yolla xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdıraraq, üzərlərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş, Bakı şəhərində çap edilmiş etiketlər yapışdırmaqla baytarlıq preparatları hazırlayıb. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həmin ünvana Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Orada külli miqdarda müxtəlif əmtəə nişanlı satışa hazır saxta, eləcə də dövlət qeydiyyatından keçməyən xarici ölkə istehsallı baytarlıq preparatları, onların hazırlanması və qablaşdırılması üçün zəruri avadanlıqlar, etiketlər, boş şüşə qablar aşkarlanıb. Müəyyən edilib ki, xarici ölkə istehsallı baytarlıq preparatlarının etiketi Muxtar Abdullayev tərəfindən dəyişdirilərək Azərbaycan istehsalı olan məhsul kimi satışa çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun ekspert rəyində həmin preparatların yararlı hesab edilmədiyi və məhv olunmasının zəruriliyi göstərilib.

İş üçün əhəmiyyət kəsb edən avadanlıqlar və digər əşyalar müvafiq qaydada sənədləşdirilib, fakt üzrə toplanılmış materiallar istintaq aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti