...

Fransua Olland: Fransa bütün sahələrdə Azərbaycanın inkişafına dəstək verməyə hazırdır (FOTO)

Siyasət Materials 11 May 2014 20:24 (UTC +04:00)
"Siz məni Azərbaycanda Fransanın bir guşəsində qəbul edirsiniz. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz burada Fransa məhəlləsindəyik. Mən bununla çox fəxr edirəm, çünki bu məhəllə çox gözəl və müasirdir, sahibkarlığın çox yüksək inkişaf etdiyi bir məhəllədir. Sizinlə birgə gələcəkdə Bakı Fransız Liseyi olacaq bir müəssisədəyəm".
Fransua Olland: Fransa bütün sahələrdə Azərbaycanın inkişafına dəstək verməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Əliyev/

"Siz məni Azərbaycanda Fransanın bir guşəsində qəbul edirsiniz. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz burada Fransa məhəlləsindəyik. Mən bununla çox fəxr edirəm, çünki bu məhəllə çox gözəl və müasirdir, sahibkarlığın çox yüksək inkişaf etdiyi bir məhəllədir. Sizinlə birgə gələcəkdə Bakı Fransız Liseyi olacaq bir müəssisədəyəm". Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Bakı Fransız Liseyinin tikintisi ilə tanış olduqdan sonra çıxışında deyib.

F.Olland qeyd edib ki, lisey fransız gəncləri, digər ölkənin gənclərini, o cümlədən Azərbaycan şagirdlərini qəbul edəcək: "Biz çalışacağıq ki, liseydə təhsilin daha müvəffəqiyyətli olması üçün öz töhfəmizi verək. Mən sizə və həyat yoldaşınıza bu məktəbə, məhəlləyə investisiya qoyduğunuz üçün təşəkkür edirəm. Bu məktəb 350-dən artıq şagirdi qəbul edəcək".

Fransa Prezidenti bildirib ki, onun Azərbaycana səfəri Azərbaycan Prezidentinin dəvətinə cavabdır: "Siz məni 2012-ci ilin sentyabrında səfərə dəvət etmişdiniz. Siz həmin zaman Luvrda İslam mədəniyyətinə həsr olunmuş departamentin açılışında iştirak etmişdiniz. Biz bununla da qürur duyuruq. Azərbaycan həmin departamentin açılışında öz maliyyə töhfələrini verdi, çünki Luvr dünyanın ən gözəl muzeylərindən biridir, bəlkə də dünyanın ən gözəl muzeyidir. Çünki Luvrda elə əsərlər vardır ki, bütün dünyada yüksək qiymətləndirilir".

F.Olland deyib ki, Azərbaycanda bir çox Fransa müəssisələri fəaliyyət göstərir və müəssisələrin rəhbərləri də bu səfər zamanı onu müşayiət edir: "Bizim məqsədimiz Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusən də enerji sahəsinə dəstək verməkdir. Fransa başqa sahələrdə də Azərbaycanın inkişafına dəstək verməyə hazırdr".

Onun sözlərinə görə, Bakı Qafqazın ən böyük və ən çox əhalisi olan şəhəridir, eyni zamanda, bu şəhərdə çox böyük dəyişikliklər olub: "Tezliklə Bakı dünyanın ən nüfuzlu böyük şəhərləri arasında olacaqdır və Fransa istərdi ki, Azərbaycanın yanında olsun, bu layihələrin həyata keçirilməsinə dəstək olsun. Bir sözlə, bütün sahələrdə Bakının, eyni zamanda, Azərbaycanın digər şəhərlərinin davamlı inkişaf baxımından nümunəvi şəhərlər olması üçün Fransa öz dəstəyini göstərməyə hazırdır. Eyni zamanda, bu bizim ölkələrimiz arasında yaratdığımız münasibətlərin ən böyük məqsədidir. Biz Fransada təhsil almaq üçün azərbaycanlı tələbələri daim qəbul etməyə hazırıq. Hətta ola bilsin ki, Parisdə yeni bir tələbə yataqxanası tikilsin ki, biz orada daha çox azərbaycanlı tələbələri qəbul edə bilək. Hər iki ölkə bir çox tələbələri təqaüdlə təmin edə bilər ki, onlar həqiqətən də öz təhsillərini davam etdirə bilsinlər. Bu günə qədər görülən işlər çox yaxşıdır".

Fransa Prezidenti qeyd edib ki, Azərbaycan qədim tarixə malik bir ölkədir. Azərbaycanda iqtisadi inkişaf son dərəcə yüksəkdir: "Bu ilk səfər mənə çox şeyi kəşf etməyə imkan verdi. Ümid edirəm ki, Azərbaycana yenə səfər edəcəyəm. Mən bu liseyin açılmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm və bu liseylə fəxr duyuram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti