...

Azərbaycan və Əfqanıstan arasında imzalanması üçün daha 12 sənəd hazırlanma mərhələsindədir

Siyasət Materials 20 May 2014 17:26 (UTC +04:00)
Bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haressin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Əfqanıstan arasında imzalanması üçün daha 12 sənəd hazırlanma mərhələsindədir

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haressin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkələrimizin dost münasibətlərindən danışan Z.Əsgərov deyib ki, Azərbaycan Əfqanıstanın sosial, iqtisadi sahədə inkişaf etməsi üçün hər zaman dəstək göstərib və bundan sonra da göstərəcək. Vitse-spiker Əfqanıstan dövlətinə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul olunmasında və ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsi ilə bağlı sənəd imzalanıb. Daha 12 sənəd isə hazırlanma mərhələsindədir.

Z.Əsgərov diqqətə çatdırıb ki, Əfqanıstanın təhlükəsizliyi dünya üçün çox əhəmiyyətlidir və bu ölkədə sabitliyin, sülhün bərqərar olması üçün yaradılmış "İstanbul Prosesi"nin iştirakçılarından biri də Azərbaycandır. Bu bölgədə əməkdaşlığın inkişaf etdirilməsi, sabitliyin və inkişafın təmin edilməsi "İstanbul Prosesi"nin əsas məqsədidir.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri N.A.Haress Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini deyib. Bildirib ki, Azərbaycana səfərlərinin məqsədi regionda baş verən terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizəni təşkil etmək, bölgənin təhlükəsizliyınə, sabitliyə töhfə vermək üçün Kabulda dünya ölkələrinin parlamentarilərinin konfransının keçirilməsinə dəstək almaqdır. Bu məqsədlə də ilk səfərlərini Azərbaycana ediblər. Qonaq əlavə edib ki, ölkəsi hər zaman Azərbaycanın yardımını, dəstəyini hiss edib.

Z.Əsgərov erməni terrorundan əziyyət çəkən və ərazisinin bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını deyərək bildirib ki, narkotik vasitələrə qarşı mübarizə ölkəmizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.

Sonra Əfqanıstan nümayəndə heyəti Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri ilə görüşüblər.

Komitə sədri Ziyad Səmədzadə qonaqlara ölkəmizin sürətli inkişafı, əldə olunan iqtisadi uğurları, həyata keçirilən iri layihələr və islahatlar, dövlət büdcəsi barədə geniş məlumat verib. O deyib ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib: "Son illər iqtisadi imkanlarımız bir neçə dəfə artıb. Azərbaycan regionun lider ölkəsidir. Bu gün Azərbaycan dünyaya qaz ixrac edən ölkələrdəndir və ərazisi kiçik olsa da, dünyanın neft siyasətində mühüm yer tutur".

N.A.Haress Azərbaycanın 20 ildə keçdiyi sürətli inkişaf yolunun onlarda böyük məmnunluq yaratdığını və bu inkişafla daha yaxından tanış olmaq istədiklərini söyləyib. Bildirib ki, əfqan xalqının gələcəyi dost ölkələrlə əməkdaşlığın möhkəmlənməsi ilə bağlıdır.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti