...

Əhməd Davudoğlu: "Azərbaycanın sabitliyi Türkiyənin sabitliyidir" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 May 2014 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

"Azərbaycanın sabitliyi Türkiyənin sabitliyidir". Trend-in məlumatına görə, bu sözləri Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə XİN rəhbəri onu da qeyd edib ki, bu formatda görüşlər bundan sonra da davam edəcək: "Əminliklə söyləmək olar ki, bu toplantıların regional təhlükəsizliyə də müsbət təsiri olacaq. Görüş zamanı müxtəlif mövzuları müzakirə etdik".

Davudoğlu əlavə edib ki, Azərbaycan, Türkmənistan və Türkiyəni ortaq tarix, dil və din birləşdirir: "Tarix boyu Azərbaycan, Türkmənistan və Türkiyə arasında əlaqələr yüksək səviyyədə olub və bundan sonra da bu əlaqələri daha da yaxşılaşdırmaq qərarına gəlmişik".

Onun sözlərinə görə, hədəflərdən biri də Azərbaycan, Türkiyə və Türkmənistanı regionun liderləri etməkdir.

Türkiyə XİN rəhbəri Azərbaycan xalqını 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. Eləcə də Türkiyənin Manisa vilayətində kömür mədənində baş vermiş faciə ilə əlaqədar göstərdiyi diqqətə görə Azərbaycana minnətdarlığını bildirib.

Qeyd edək ki, bu, Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli formatda keçirilən ilk görüşüdür.

Artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti