...

Azərbaycan ATƏT PA-nın Bakı bəyannaməsinin bir sıra bəndlərinə etiraz etdi

Siyasət Materials 2 İyul 2014 13:01 (UTC +04:00)
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti PA-nın Bakı bəyannaməsinin 4 bəndinə öz etirazını bildirib.
Azərbaycan ATƏT PA-nın Bakı bəyannaməsinin bir sıra bəndlərinə etiraz etdi

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti PA-nın Bakı bəyannaməsinin 4 bəndinə öz etirazını bildirib.

Trend-in məlumatına görə, nümayəndə heyətinin rəhbəri Bahar Muradova bəyannamədəki 137, 138, 139 və 140-cı bəndlərə öz etirazını bildirib.

B.Muradova qeyd edib ki, 137-ci bənddə hərtərəfli, effektli və uzunmüddətli mandat ifadəsi işlənir və bunun altında hansı mənaların dayanması aydın deyil: "Bununla bağlı biz mövqeyimizi ifadə etmişdik. Bununla belə bu bənd qətnaməyə daxil edilib və biz aydın olmadığı üçün bunun əleyhinə çıxış edirik".

Onun sözlərinə görə, 138-ci bənddə qeyd olunur ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda missiyaların mandatı ilə bağlı məsələyə baxması üçün Daimi Şura çağırılır: "Mən PA iştirakçılarını məlumatlandırmaq istəyirəm ki, bir il bundan əvvəl Azərbaycanla ATƏT-in Nazirlər Şurası arasında danışıqlar gedib və biz də bilirik ki, missiyaların statusu iki tərəf arasında gedən danışıqlara əsasən müəyyənləşdirilir. Biz bu müddət ərzində Bakıdakı missiyanın fəaliyyətinin Azərbaycana çox böyük töhfələr verdiyini vurğulamaqla yanaşı, artıq Azərbaycanın inkişafının elə bir səviyyədə olduğuna əsaslanmışıq ki, bu gün ATƏT-in Bakıdakı missiyasının layihə koordinatoru səviyyəsində olmasının Azərbaycanla əməkdaşlığı qane etdiyini söyləmişik. Bunu da qarşı tərəf qəbul edib və artıq Nazirlər Şurasının layihə koordinatorluğunun yaradılması ilə bağlı qərarı var, koordinatorluq işinə başlayıb və bu koordinatorluğun işi ilə bağlı müsbət fikirlər ortadadır. Hesab edirəm ki, bu məsələnin bir daha sorğulanması doğru deyil və ona görə də biz bu bəndin əleyhinəyik".

139-cu bəndə gəlincə isə, B.Muradova qeyd edib ki, burada konkret şəxsdən söhbət gedir: "Əlbəttə ki, biz, Azərbaycan demokratik cəmiyyəti olaraq vətəndaş cəmiyyətinin güclü olmasının tərəfdarıyıq, bunun üçün bir çox nailiyyətlərimiz var. Ancaq konkret şəxslərin, iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərin həbslərinin siyasiləşdirilməsinə qarşıyıq və məsələnin bir nəfərin üzərində mərkəzləşdirilməsinin əleyhinəyik. Biz ATƏT regionunda ayrı-ayrı şəxslərin alətə çevrilməsinin əleyhinəyik".

140-cı bəndə münasibət bildirən B.Muradova qeyd edib ki, bu bənd 138-ci bənddə qeyd olunan məsələyə yenidən toxunur.

Qeyd edək ki, 139-cu bənd hüquq müdafiəçisi Anar Məmmədlinin işinə yenidən baxılması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti