Azərbaycan, Bakı, 2 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Belarus xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir".
İlham Əliyev Aleksandr Lukaşenkoya möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyib.