...

Prezident İlham Əliyev: Azərbaycan korrupsiya sahəsində köklü dəyişiklərə nail ola bilib

Siyasət Materials 11 İyul 2014 00:00 (UTC +04:00)
“Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər”.
Prezident İlham Əliyev: Azərbaycan korrupsiya sahəsində köklü dəyişiklərə nail ola bilib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər". Trend-in məlumatına görə, bunu iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun çıxışı zamanı deyib.

Prezident hesab edir ki, Azərbaycan bu sahədə köklü dəyişiklərə nail ola bilib: "Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi. "ASAN xidmət"in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır".

Dövlət başçısının sözlərinə görə, ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi: "Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı "ASAN xidmət"in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti