Azərbaycan, Bakı, 11 avqust /Trend/
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyində gizlənir. Bu barədə Trend-ə etibarlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Emin Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedib və bu günə qədər də diplomatik nümayəndəliyin ərazisindədir: "Əgər Emin Hüseynovun fəaliyyəti şəffafdırsa və onun heç bir günahı yoxdursa, ABŞ səfirliyində gizlənməkdənsə, ortaya çıxıb öz günahsızlığını sübut etsin".
Mənbə bildirib ki, RATİ-nin fəaliyyətində ciddi boşluqlar mövcud idi: "Təşkilat necə gəldi qrant əldə edirdi, fəaliyyəti barədə rəsmi qurumlara məlumat vermirdi. Bu cür məsələlər qanunvericilikdə ciddiləşdiriləndən sonra RATİ-nin fəaliyyətindəki qanunsuzluqlar da ortaya çıxdı. Emin Hüseynov yol verdiyi qanunsuzlara görə onu hansı cəzaların gözlədiyini bilərək çıxış yolunu səfirlikdə gizlənməkdə tapıb".
Mənbə hesab edir ki, qanunsuz əməllərinə görə gizlənmək düzgün yol deyil: "Leyla Yunus da öz əməllərinə görə ona veriləcək cəzalardan yayınmaq üçün ölkədən qaçmağa cəhd etdi, amma gördüyümüz kimi, heç nə əldə etmədi. Düşünürəm ki, Emin Hüseynov da gec-tez qanun qarşısında cavab verməli olacaq, onun ölkədən çıxması da qeyri-mümkündür".
Qeyd edək ki, Baş Prokurorluğun əməkdaşları E.Hüseynovun rəhbərlik etdiyi RATİ-nin ofisində axtarış aparıblar. E.Hüseynov özü isə vergidən yayınmaqda ittiham edilir. Yada salaq ki, bu ittiham ABŞ-da ən ağır cinayətlərdən sayılır və qanunla çox ciddi şəkildə təqib olunur. Ona görə də anlaşılmaz vəziyyət yaranır: ABŞ səfirliyinin əməkdaşları iqtisadi cinayətdə ittiham edilən şəxsi öz ərazilərində gizlədir, bununla da istintaq orqanlarının onu dindirməsinə və sorğu-sual etməsinə qəsdən əngəl törədirlər.