Azərbaycan, Bakı, 13 avqust /Trend/
Son günlər Leyla Yunusova və Arif Yunusovun həbsinə Almaniya mətbuatı xüsusi diqqət yetirir, bununla bağlı Almaniya hökumətinin insan hüquqları və humanitar yardım üzrə xüsusi nümayəndəsi Kristof Ştresser bəyanat da yayıb.
Trend AzərTAc-a istinadən məlumat verir ki, bu ölkənin mətbuatında gedən əksər məlumatların birtərəfli və qeyri-obyektiv olduğunu nəzərə alaraq, Azərbaycanın Almaniyadakı səfirliyi avqustun 12-də bəyanat yayıb. Bəyanat rəsmi məlumatlar əsasında hazırlanıb.
Bəyanatda Leyla Yunusova və Arif Yunusovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasının hüquqi əsaslandırılması yer alıb.
Səfirlik hər iki şəxsin özlərini qanunvericilikdən yuxarı hesab edərək, onlara qarşı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğundan fərqli yanaşma tələb etmələri və hüquqi prosesə siyasi bəyanatlarla təsir etməyə çalışdıqları vurğulanıb. Bəyanatda, həmçinin ibtidai istintaq prosesinin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə getdiyi diqqətə çatdırılıb.
Yayılmış sənəddə istintaq prosesini siyasiləşdirmək cəhdlərinin hüquqi məsuliyyətə cəlb edilmənin qarşısını ala bilməyəcəyi də bildirilib.