...

Serj Sarkisyanın xəyanəti

Siyasət Materials 14 Avqust 2014 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Elçin Mehdiyev, Trend-in icmalçısı

Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə baş tutan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü müxtəlif məqamları ilə yadda qaldı. Bu məqamlardan ən öndə gələni isə yenə də Serj Sarkisyanın prezidentə yaraşmayan hərəkətləri, qeyri-ciddi davranışı və məsələlərə dar çərçivədən yanaşması oldu.

Serj Sarkisyanın görüşün formatına uyğun gəlməyən ifadələr işlətməsi, Dağlıq Qarabağ probleminin həlli məsələsinə aidiyyəti olmayan fikirlər səsləndirməsi bir daha onu göstərdi ki, onun siyasi savadında irəliləyiş yoxdur.

Soçi görüşünün bir hissəsi mətbuat üçün açıq keçirildikdən sonra, daha ciddi, mətbuata açıqlanması danışıqlar prosesinə zərər gətirə biləcək məsələlərin müzakirəsi üçün bağlı qapılar arxasında davam etdirildi.

Təəssüflər olsun ki, Serj Sarkisyan yenə də xəyanətdə bulundu, prezident kimi verdiyi vədə əməl etməyərək, qapalı görüşdən sonra müzakirə olunan məsələlər barəsində özünə sərf edən formada dedi-qodular yaymağa başladı. Daha anlamadı ki, müzakirə olunan məsələlər açıqlanmalı olsaydı, görüşdən sonra mətbuat konfransı keçirilərdi. Təbii ki, Serj Sarkisyan kimi qeyri-ciddi, görüşlərə dərsini əzbərləyən tənbəl uşaq kimi gələn bir insandan başqa davranış gözləmək olmazdı. Axı ondan indiyə qədər hansı kişiyə xas davranış görmüşük ki, indən sonra da nəsə görək? Serj Sarkisyan Soçi görüşünə bir prezident kimi müzakirələr aparmağa yox, Ermənistanda özünü "raskrutka" etmək üçün material toplamağa gəlmişdi.

Ola bilsin, Serj Sarkisyan bu xislətinə müəyyən mənada nail ola bildi, dar çərçivədə özünü "raskrutka" edə bildi, amma o, bu xain hərəkəti ilə Ermənistana daha böyük zərər gətirdi, özünü böyük məsuliyyət altında qoydu. O məsuliyyət ki, sabah Azərbaycan öz torpaqlarını işğalçılardan azad etməyə başlasa, tökülən qanların məsuliyyəti onun üzərində olacaq. İqtisadi böhran içində üzən Ermənistanı sabah siyasi böhran da gözləyir. Bu gün uşaq hərəkətləri ilə yadda qalan Serj Sarkisyan xalqını daha faciəvi günlərə daşıyır.

Ancaq əgər sabah Azərbaycan Serj Sarkisyan kimi xəyanətkar, xəbərçi, qeyri-ciddi bir prezidentlə mənasız danışıqlardan imtina etsə, bəzi ölkələr başlayacaqlar atılıb düşməyə ki, vay qoymayın, Azərbaycan sülh danışıqlarını pozur və s. və ilaxır. Ancaq Serj Sarkisyanın bu cür davranışlarına sadəcə göz yumurlar.

Həm erməni xalqı, həm də Serj Sarkisyan artıq yuxudan ayılıb ətraflarına baxmalı, boş-boş nağıllar danışıb özlərini aldatmamalıdır. Ermənistan artıq dağılıb gedir, yaxşı olardı ki, Serj Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son illər ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsın.

Sonda Ermənistan xalqına və Serj Sarkisyana Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Ağdama səfəri zamanı verdiyi bəyanatı xatırlatmaq istəyirəm: "Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti