...

Monteneqronun Baş naziri Heydər Əliyev Mərkəzində olub (FOTO)

Siyasət Materials 18 Sentyabr 2014 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Heydər Əliyev Mərkəzində olub.

Trend-in məlumatına görə, Baş nazir Milo Cukanoviçə Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, dünya memarlığının nadir incilərindən sayılan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Monteneqronun Baş nazirində böyük maraq doğurub. Məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər Baş nazir Milo Cukanoviçin marağına səbəb olub.

Monteneqronun Baş naziri Mərkəzdə "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. "Mini Azərbaycan" sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Baş nazir Milo Cukanoviç Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti