Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
"Biz bu tarixi "Cənub" qaz dəhlizi layihəsinin tərkib hissəsi olmaqdan çox şadıq. Bu, təkcə region üçün deyil, həm də Avropa və dünya üçün mühüm bir layihədir. Çünki hər bir ölkənin hüququ var ki, bir təminatçıdan asılı olmasın. Bu təminatın şaxələndirilməsi bu gün bir çox ölkələrin gündəliyində durur və imkan verir ki, ölkələr alternativ şəkildə inkişaf etsin. Alternativ qaz mənbələrinin təmin edilməsi bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır və Sizin töhfəniz sayəsində enerji sahəsində təhlükəsizlik məsələsi də güclənmiş olacaq". Trend-in məlumatına görə, bunu Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev sentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Bolqarıstan Prezidenti deyib ki, ölkəsi "Cənub" qaz dəhlizi layihəsini ilk gündən dəstəkləyib: "İlkin mərhələlərdə bir çox işlər görülmüşdür. Sizə təşəkkür etmək istərdim ki, Siz yalnız gələcəyə baxışa malik olan dövlət başçısı deyilsiniz. Siz, eyni zamanda, layihənin üzərində şəxsən duraraq onun gündəlik icra edilməsi prosesinə nəzarət etmisiniz və artıq bu gözəl fəaliyyətin nəticəsinin şahidi olacağıq. Bu, yalnız siyasi bir tədbir olmayacaq. Biz artıq layihənin təməlini qoyuruq. Strateji əhəmiyyətə malik bu layihə Avropa üçün ən iri infrastruktur layihəsi olacaq. Bu, enerji təhlükəsizliyi baxımından da çox mühüm bir tədbir olacaq. Zənnimcə, Azərbaycanın simasında Avropa tərəfdaşları çox etibarlı dost qazanıblar. Mən bu gün yalnız Bolqarıstan Prezidenti deyil, eyni zamanda, Avropa İttifaqına daxil olan dövlət başçısı kimi danışıram. Azərbaycan dost və tərəfdaş ölkədir və inanıram ki, biz yalnız enerji sahəsində deyil, - burada hər şey aydındır, - digər sahələrdə də birlikdə çalışacağıq. "Cənub" qaz dəhlizinə sərmayə qoyulacaq".
Rosen Plevneliev deyib ki, Türkiyə Yunanıstan ərazisindən keçən birləşdirici layihələrdə iştirak edəcək: "Biz Makedoniyada iş görürük, Serbiyada tikinti başlanılacaq. Bununla da biz regional qovşaq rolunu oynamağa hazırıq və Azərbaycanın sərmayəsini ölkəmizdə görməkdən çox şad olardıq. Biz cənab Prezidentlə bunu müzakirə etdik. Bir sıra memorandumlar imzalanacaq ki, bu, əziz dostlar, bizim əməkdaşlığımıza xidmət edəcəkdir.
Bizim ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətləri var. Bu, zənnimcə, digər ölkələr üçün də nümunəvi tərəfdaşlıq ola bilər. Biz sülh şəraitində inkişafın, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsinin tərəfdarıyıq və inteqrasiyanı dəstəkləyən ölkəyik. Biz yalnız boru kəmərlərini müzakirə etmirik. Biz digər layihələri - dəmir yolu, dəniz limanları və digər strateji infrastruktur layihələrini müzakirə etdik. Hər iki ölkənin strateji-coğrafi yerləşməsi vardır. Avropanı Çinə qədər, Çini Londona və Avropanı Asiyaya birləşdirəcək yerləşməmiz vardır. Birgə əməkdaşlıq nəticəsində Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan həqiqətən də sözün əsl mənasında, dünya ticarətinin 70 faizinə xidmət edən bir qovşaq ola bilər".
Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında bir sıra yeni layihələrimiz var: "Amma bu, həqiqətən də dostlar arasında olan münasibətdir. Biz gələcək layihələri müzakirə etdik. Biz çox şadıq ki, sabah çox önəmli bir tədbirdə iştirak edəcəyik. Amma biz yalnız burada qonaqpərvərlikdən həzz almağa gəlməmişik. Bu, 20 il ərzində, cənab Prezident, Sizin gələcəyə baxışınız nəticəsində ərsəyə gəlmiş bir layihədir və digər yeni layihələr artıq masa üzərindədir. Dəmir yolu, qaz, elektrik təchizatı baxımından Bolqarıstan investorları bu layihələrdə çalışmağa hazırdırlar. Ölkənizdə münbit biznes ab-havası var, xüsusilə əczaçılıq, istehlak elektronikasının istehsalında. Digər tərəfdən də müdafiə sənayesi məsələsində bir çox layihələr ola bilər ki, biz yaxından əməkdaşlıq edə bilərik. Mən çox şadam ki, təkcə prezidentlər arasında deyil, xalqlarımız arasında dostluq mövcuddur. Çünki Azərbaycan və Bolqarıstan xalqları bir araya gəldikdə biz xalqlarımızın iradəsinə əsasən hərəkət edirik. Biz yaxınlaşmalıyıq, əməkdaşlığımızı genişləndirməliyik. Bu səbəbdən də, cənab Prezident, dəstəyinizə görə Sizə təşəkkür edirəm".