Başlıq dəyişdirilib, 4-cü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:21-də yayılıb)
Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Səba Ağayeva/
Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Zirvə toplantısı Xəzər dənizinin statusunun müəyyən edilməsində yeni mərhələnin əsasını qoydu. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Onun sözlərinə görə, bioloji resurslar haqqında saziş beş ölkənin hamısına bioloji resurslardan daha rasional istifadə etmək imkanı verəcək.
X.Xələfov deyib ki, sammitdə ikinci mühüm məqam fövqəladə vəziyyətlərdə əməkdaşlığa dair razılaşmaya nail olunmasıdır: "Hidrometeorologiya haqqında sazişin imzalanması da mühüm addımdır".
Nazir müavininin sözlərinə görə, dövlət başçılarını bəyanatı Xəzər dənizinin statusu məsələsinin nizamlanması üzrə əsas prinsipləri müəyyən edib.
O, əlavə edib ki, növbəti sammit Qazaxıstanda keçiriləcək və işçi qrupuna konvensiya layihəsinin imzalanması üçün yekun variantının hazırlanması tapşırılıb.
X.Xələfov bildirib ki, Azərbaycan hələ 1994-cü ildə "Əsrin müqaviləsi"ni hazırlayarkən Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoyub: "Əvvəllər Rusiya və Qazaxıstanla imzalanmış üçtərəfli sazişlər Xəzərdə yataqların işlənməsi ilə bağlı hüququmuzu tam təmin edir".
Onun sözlərinə görə, suverenlik, ərazi bütövlüyü, bir-birinin daxili işinə qarışmamaq Xəzəryanı ölkələr arasında əməkdaşlığın əsas prinsipləri kimi müəyyən olunub: "Bütün Xəzəryanı ölkələr yekdil fikrə gəldilər ki, Xəzər sülh dənizi kimi qalmalı, bütün problemlər və məsələlər istisnasız olaraq dinc yolla həll edilməlidir. Bütün digər Xəzəryanı ölkələr kimi, Azərbaycan da Xəzərin hərbiləşdirilməsinin əleyhinə çıxış edir. Dənizdə hərbi təlimlər zamanı digər ölkələrə bu barədə xəbərdarlıq edilməlidir".
Nazir müavininin sözlərinə görə, nəhayət, 18 illik danışıqlardan sonra Xəzərin əsas məsələləri üzrə razılıq əldə olundu: "Bu isə o deməkdir ki, Xəzəryanı məkanda etimad və əməkdaşlıq mühiti yaxşılaşıb. Həmçinin Xəzərdə gəmiçilik sahəsində əməkdaşlıq məsələləri vacibdir ki, bu da dövlət başçılarının bəyanatında öz əksini tapıb".
İşçi qrupunun növbəti görüşü noyabr-dekabr aylarında Bakıda keçiriləcək.
Müxtəlif təşəbbüslərlə çıxış edən Azərbaycan razılaşmaların əldə olunmasında mühüm rol oynayıb.
Xatırladaq ki, ötən gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə toplantısı keçirilib.