...

Azərbaycanda son bir ildə cəzalandırılan və mükafatlandırılan prokurorluq işçilərinin statistikası açıqlandı

Siyasət Materials 1 Oktyabr 2014 07:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ötən bir il ərzində prokurorluq orqanları üzrə 168 prokurorluq işçisinin iş yeri və ya vəzifəsi dəyişdirilib, onlardan 75 işçi yuxarı, 73 işçi isə eyni təsnifat vəzifələrə təyin olunublar. Trend-in məlumatına görə, bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi yazıda deyib.

Z.Qaralov bildirib ki, bu müddət ərzində prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilib, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilib, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılıb.

Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilib. Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinə uyğunlaşdırılması prosesi yekunlaşdırılaraq bu vəzifələrə təyinatların aparılması nəticəsində həmin işçilərin sosial müdafiəsi xeyli gücləndirilib. Belə ki, prokurorluq orqanlarında çalışan dövlət qulluqçusu statusu verilmiş işçilərin vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və digər zəruri məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin görülməsi təmin edilib, prokurorluq orqanlarında dövlət qulluğuna aid edilən vəzifələr üzrə struktur hazırlanaraq həmin vəzifələr üzrə işçilərin təyinatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti