...

Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışı olub (FOTO)

Siyasət Materials 17 Oktyabr 2014 21:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.
Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu proseslərdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Ölkəmizdə artıq gənclər siyasəti ilə bağlı müxtəlif beynəlxalq tədbirlər də keçirilir. Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə birinci Qlobal Forum bunun əyani sübutudur. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament nümayəndələrinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və digər rəsmilərin iştirakı gözlənilir. Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı.

Azərbaycan gənclər siyasətini dəstəkləyən və müxtəlif layihələri təqdim edən ölkələrdən biri olub. Bu gün, həmçinin ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər mərkəzləri, o cümlədən Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq.

Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif mövzularda "dəyirmi masa"lar keçirmək mümkün olacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri sərgilənəcək.

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış oldu. Burada futbol, basketbol və voleybol meydançaları var.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə 6 kottec inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti