...

Naftalan şəhərinin, Daşkəsən və Goranboy rayonlarının sosial-iqtisadi inkişafını sürətləndirmək üçün 6 milyon manat ayrılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Oktyabr 2014 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Naftalan şəhərinin, Daşkəsən və Goranboy rayonlarının sosial-iqtisadi inkişafını sürətləndirmək üçün 6 milyon manat ayrılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, "Daşkəsən Filizsaflaşdırma" kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Dövlət başçısı Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Azərbaycanda müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri son illərdə yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilmiş, burada yeni səhiyyə-kurort kompleksləri yaradılmış, o cümlədən 264 yerlik "Qarabağ" sanatoriyası, "Naftalan Hotel by Rixos"un 342 yerlik yeni korpusu inşa edilmiş, "Çinar" sanatoriyası yenidən qurulmuş, Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 12 hündürmərtəbəli yaşayış binası və 1500 yerlik şəhər stadionu əsaslı təmir olunmuş, parklar salınmış, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Prezident İlham Əliyev, həmçinin Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının yerinə yetirilməsi nəticəsində Goranboy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Avtovağzal Kompleksi, 330 kV-luq "Goranboy" Paylayıcı Elektrik qurğusu, 45 ümumtəhsil məktəbi üçün binalar inşa edilmiş, Mədəniyyət Evi, 2000 yerlik şəhər stadionu, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunmuş, digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni sənaye müəssisələri yaradılmış, avtomobil yolları çəkilmiş, Goranboy şəhərinin su və kanalizasiya sistemi yenidən qurulmuş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşmələri müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti