...

Müsavat Partiyasının qurultayından narazılar qərarlarını açıqlayacaqlar

Siyasət Materials 28 Oktyabr 2014 17:19 (UTC +04:00)
“Müsavat Partiyasının mərkəzi nəzarət-təftiş komissiyasına göndərdiyimiz sorğuya cavab gözləyirik. Bundan sonra fikrimizi açıqlayacağıq”.
Müsavat Partiyasının qurultayından narazılar qərarlarını açıqlayacaqlar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasının mərkəzi nəzarət-təftiş komissiyasına göndərdiyimiz sorğuya cavab gözləyirik. Bundan sonra fikrimizi açıqlayacağıq". Bu barədə Trend-ə Müsavat başqanının keçmiş müşaviri, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, hər şey baş verə bilər: "Bizim mərkəzi nəzarət-təftiş komissiyasına müraciətimizə rəsmən noyabrın 10-da cavab verilməlidir. Yəni partiyanın nizamnaməsinə əsasən ayın 10-da onların vaxtı bitir. Cavab veriləndən sonra toplaşıb öz fikrimizi açıqlayacağıq. Hələ ki, nəsə danışmaq fikrində deyilik, cavab gözləyirik".

O bildirib ki, sorğuda Müsavat Partiyasının qurultayından əvvəl və sonra baş verən saxtakarlıqlar sadalanıb: "Onların cavabından asılı olaraq qərarımızı verəcəyik".

Bundan əvvəl Müsavat Partiyasındakı mənbədən Trend-ə verilən məlumata görə isə qurultaydan narazı qalan partiya üzvləri partiya daxilində fraksiya və ya islahatçı qanad yaratmaq fikrindədirlər.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti